“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə start verilib
Sosial həyat

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə start verilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə ənənəvi “Uşaq hüquqları aylığı” elan edilib.

Qurumun mətbuat   xidmətinin məlumatında bildirilir ki, müvəkkil bununla bağlı müraciətində uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu aylığa qoşulmağa dəvət edib, xüsusi karantin qaydalarına əməl etməklə uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıb.

Bu aylıq çərçivəsində uşaq hüquqları üzrə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə biliklərin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən tədbirlərə start verilib. Belə ki, Bakı şəhəri Sabunçu rayonunun bir qrup şagird və müəllim heyəti üçün onlayn formada təlim təşkil edilib. Təlim zamanı Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları təqdimatla çıxış edərək, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, məişət zorakılığı və erkən evliliyin fəsadları, uşaqların internet təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumat verib. Bununla yanaşı, görüşdə uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman təsisatı tərəfindən görülən işlər, 916 nömrəli Çağrı Mərkəzi haqqında məlumat diqqətə çatdırılıb.

İnteraktiv formada keçirilən təlim zamanı uşaqlar xüsusi fəallıq göstərərək öz fikirlərini bölüşüblər, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Aylıq çərçivəsində hüquqi maarifləndirmə xarakterli təlimlərin Bakı şəhəri və ölkənin digər rayonlarında  da davam etdirilməsi nəzərdə tutulub.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.