Uşağı sevindirmək böyük xeyirxahlıqdır
Region

Uşağı sevindirmək böyük xeyirxahlıqdır

Artıq bir neçə gündür ki, ölkəmizdə “Hədiyyə karvanı” layihəsi uğurla davam edir. Layihə çərçivəsində Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları tərəfindən Vətən müharibəsində həlak olan şəhidlərimizin ailələri ziyarət olunur  və  onların övladlarına hədiyyələr təqdim edilir. “Hədiyyə karvanı” növbəti görüşünü Kürdəmir rayonunda davam etdirdi. Vətən müharibəsi şəhidlərinin ailələri, ailələrdə böyüyən körpə balalar bu ziyarətdən məmnun qaldılar.

Görüşlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin, Kürdəmir regional ASAN Xidmətinin və “YAŞAT” Fondunun əməkdaşları da iştirak etdilər.

Şəhid ailələri şəhidlərimizə, onların övladlarına olan hörmət və ehtirama, ailələrinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına  minnətdarlıqlarını bildirdilər.

--Bu dünyada ən böyük xeyirxahlıq uşaq sevincidir. Kimsə bir körpənin üzündə xoş təbəssüm yaradırsa savab iş görür, şəhid ailələrinə göstərilən xeyirxahlığa bu sözlərlə minnətdarlıq ifadə olundu.

Qeyd edək ki, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları “Hədiyyə karvanı” layihəsi çərçivəsində artıq bir neçə müddətdir ki, respublikamızın digər rayonlarında da olublar, onlara Azərbaycanla bərabər Qardaş Türkiyə Respublikasının adından  öz dəstəklərini ifadə ediblər.

Tofiq HÜSEYN,

 “Respublika”.