ÜRƏKLƏRDƏ YERİNİZ VAR...
Sosial həyat

ÜRƏKLƏRDƏ YERİNİZ VAR...

Şirvan şəhərində şəhidin anım günü münasibətilə tədbir keçirildi. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Elnur Qalib oğlu Qarayevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə Elnur Qalib oğlu Qarayevin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür etdi. Şəhər ictimaiyyətinin dünənə qədər Şəhidlər Xiyabanında dəfn edilən sonuncu şəhidimiz Elnurun anım gününə hazırlaşdığını qeyd edən icra başçısı erməni silahlı birləşmələrinin respublikamızın dövlət sərhədində törətdiyi növbəti təxribat nəticəsində qəhrəmancasına döyüşərək şəhid olan Şirvan şəhərinin igid oğlu Elçin Ramil oğlu Əliyevin 17 noyabr 2021-ci il tarixdə izdihamla dəfn edildiyini dərin məyusluq hissi ilə diqqətə çatdırdı.

İlqar Abbasov qeyd etdi ki, ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşılır. İcra başçısı onların döyüşlərdə göstərdikləri şücaətin və qəhrəmanlığın yüksək dəyərləndirildiyini, hər birinin bir neçə medallarla, həmçinin ölkə başçısının sonuncu sərəncamı ilə 5 Şirvan şəhidinin müxtəlif ordenlə təltif edildiyini bildirdi.

Şəhid Elnur Qarayevin vaxtilə işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov çıxış edərək Elnurun intizamlı və mərd əməkdaş kimi xatirəsinin hər zaman qəlblərdə yaşayacağını, 17 noyabr 2021-ci il tarixdə onun növbəti hərbi rütbə ilə təltif edildiyini diqqətə çatdırdı.

Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elnurun və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərməğan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söylədilər. Şəhidlər Xiyabanındakı "Şəhid Anası" abidəsini ziyarət etdikdən sonra tədbir iştirakçıları Elnur Qarayevin vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açdılar.

Şəhidin anası Mahirə xanım övladı ilə qürur duyduğunu bildirdi, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Tofiq HÜSEYN,

"Respublika".