Ürəklərdə yaşayanlar
Region

Ürəklərdə yaşayanlar

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz zəfər yürüşü ilə dünya hərb tarixinə parlaq səhifələr yazdı. Xarici havadarlarının köməyi ilə işğal etdiyi əraziləri əldə saxlamaq və daha da genişləndirmək məqsədi ilə düşmənin 30 il ərzində tikdiyi hərbi istehkamlar, topladığı döyüş texnikası və canlı qüvvəsi Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibədə darmadağın edildi.

Azərbaycan əsgərinin ən ağır döyüşlərdə bir addım geri çəkilməmək, yaralı döyüşçülərin döyüş meydanını tərk etməmək əzmini gördükdə, erməni əsgəri qorxuya düşdü, silahı atıb döyüşdən qaçmaq məcburiyyətində qaldı. Ali Baş Komandanın sərkərdəlik məharəti sayəsində düşmənə sarsıdıcı zərbələr endirən fədakar döyüşçülərimizdən biri də elimizin, kəndimizin fəxri, baş leytenant Anar Zahəddin oğlu Məmmədovdur. O, 1992-ci ildə Saatlı rayonunun Mustafabəyli kəndində anadan olmuşdur. Orta məktəb illərində idmana maraq göstərirdi. Səmimiyyəti, təvazökarlığı ilə yaşıdlarından fərqlənirdi. Anarın anası Qabiliyyət xanım orta məktəbi əla qiymətlərlə bitirmişdi, mütaliəni hədsiz sevirdi. Evdə yaradılan ailə kitabxanasında dünya və Azərbaycan klassiklərinin kitabları toplanmışdı. Ailə bütünlüklə bədii ədəbiyyat həvəskarı idi.

Bəli, vətənpərvərlik ruhu insanda yeniyetməlik illərində ikən formalaşır. 2012-ci ildə Sabirabad Dövlət Sosial İqtisad Kollecini bitirdikdən sonra Anar hərbi xidmətə çağırıldı. Xidmət müddətinin elə ilk günlərindən vəzifə borcunu layiqincə yerinə yetirdiyinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə hərbi hissə komandiri tərəfindən iki dəfə mükafata layiq görüldü. Təhsil aldığı və hərbi xidmətdə olduğu vaxtlarda Anar müxtəlif idman yarışlarında iştirak edib yüksək nəticələrə görə 11 dəfə medal qazanmışdır. Bütün müsbət keyfiyyətlərinin sayəsində  hərbi xidməti başa vurduqdan sonra komandirlər onu Xüsusi Təyinatlı Qoşunların heyətinə cəlb etdilər.

Anar Məmmədov Vətən müharibəsinin ilk günündə XTQ tərkibində birincilər sırasında  döyüşə girənlərdən oldu. Cəbrayıl, Suqovuşan, Füzuli istiqamətlərində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdi. Ağır döyüşlər davam edir, doğma yurd yerlərimiz bir-birinin ardınca işğaldan azad olunurdu. Füzuli uğrunda gedən döyüşlərdə Anar qəhrəmancasına həlak olub şəhadət zirvəsinə yüksəldi.

O, bizim kəndin — Mustafabəyli kəndinin igid oğlu, fəxrimiz, qürurumuzdur. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən Anar Məmmədov “İgidliyə görə” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif olundu. Anarın xatirəsi kəndimizdə daima əziz tutulacaqdır. Şəhiddən yadigar - iki yaşlı qızı Solmaz böyüyüb atasının keçdiyi qəhrəmanlıq yolundan fəxarət duyacaq. Dövlət tərəfindən hər cür qayğı və diqqət görən  valideynlərinin bir arzusu var: Anarın adının əbədiləşdirilməsi üçün rayonumuzda bir küçəyə, yaxud kəndimizdə tikiləcək xəstəxanaya, məktəbə igid zabitin adı verilsin.

Əlabbas ŞƏMMƏDOV,

Saatlı rayonu, Mustafabəyli kənd sakini, təqaüdçü.