Ürəklərdə yaşayan igid
Region

Ürəklərdə yaşayan igid

İsgəndər Vüqar oğlu Dövlətli 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda  keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur.  Kolleci bitirdikdən sonra  o, Lerik Rayon Hərbi Komissarlığı tərəfindən  həqiqi hərbi xidmətə çağırılır.  Daxili Qoşunların Quba şəhərinin "N" saylı  hərbi hissəsində əsgəri borcunu   layiqincə  yerinə yetirib evinə qayıdır. Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə  mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və  kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir. 

27 sentyabr 2020-ci il tarixində  başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək Vətəninə, el- obasına  sevgisini  bir daha göstərir.  Döyüşdən-döyüşə  erməni dığalarına sarsıdıcı zərbələr endirərək  onların xeyli sayda canlı qüvvəsini məhv edir. Çox yerdə  Ordumuzun  uğurla  irəliləməsi, strateji  nöqtələri ələ keçirməkdə  var qüvvəsini əsirgəmir. Kəşfiyyatçı gizir oktyabrın 8-də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə, bir igid  də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Vətən  torpağına tapşırılır. Bir ay keçməmiş  oğlunun yoxluğuna dözə bilməyən Vüqar kişi də erməni vandalizminin qurbanı olur. 

İgid əsgər İsgəndərdən xalqına qalan əmanəti   isə  üç yaşlı uşağıdır. Doğrudur, o, hələ həyatı dərk etmir. Fəqət damarlarında igid qanı axdığı üçün gələcəkdə o, xalqına, vətəninə ən ləyaqətli övlad olar. Və gizir İsgəndərin  dövlət tərəfindən aldığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına  görə" medallarını  hər dəfə ata yadigarı tək  döşünə taxanda qəlbində  Vətən sevgisi birə-on artar. Dərk edər ki, igidsiz Vətən, torpaq, xalq yoxdur. Belə ata ilə yalnız fəxr edər...

 Zəfər ORUCOĞLU.