UNUTMAYAQ, UNUTDURMAYAQ
Digər xəbərlər

UNUTMAYAQ, UNUTDURMAYAQ

GƏLİN BİZİM OLANIN DƏYƏRİNİ BİLƏK...

...Müqəddəs Ramazan bayramının sevincini yaşadığımız bir yaz səhəri aldığım xoş xəbərdən çox duyğulandım, hisslərimi bölüşmək istədim. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin  Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında  sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir: "Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin   təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi qanunun aliliyi üçün  zəruri şərtdir". Deməli, bundan sonra Ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhədlərimizin təhlükəsizliyi sərhədçilərimiz tərəfindən qorunacaq. Dövlət başçımız son vaxtlar  bütün çıxışlarında, görüşlərində bu məsələnin  zəruriliyini qeyd edir,  sərhəd nəzarət-buraxılışının  açılmasını şərt kimi irəli sürürdü. Bununla da, bu torpaqların əsl sahibinin kim olduğu bir daha təsdiqləndi...

Torpaq şirin nemətdir, müqəddəsdir deyirlər. Torpaq Vətəndir. Bəlkə o üzdəndir ki, ayrı düşəndə hər zaman insanı özünə çəkir torpaq.  Onun əbədi itkisi də elə bu səbəbdən yandırır, ürəyini göynədir insanın. Gəlişigözəl sözlər deyil, çünki 30 il müddətində  yaşadığımız torpaq həsrəti hər kəsin dünyasında bir iz qoyub. Bütünlükdə millət olaraq torpaq, Vətən itkisinin  ağrı-acısını ürəyimizdə  gəzdirmişik. Murovun o üzünə,  Vedinin dağlarına, Göyçənin gözəlliyinə... həsrət qalmışıq. Zəngilansız, Ağdamsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz yaşamışıq, qürurumuz tapdalanıb, hisslərimizlə oynayıblar.  Sərf edəndə dünya birliyi haradasa bir qarış torpaqdan ötrü  bütün qanunları, gücü işə salıb yaranmış münaqişəni yoluna qoysa da, Vətənimizin parça-parça, hissə-hissə əlimizdən alınmasına göz yumub. Hansısa "nüfuzlu"   təşkilatlar "xeyrimizə"  bir qərar qəbul edib  ümidlərimizi artırıb.  Gözləmişik biz də... İnanmışıq dünyanın "ədalətinə". Sən demə,  elə insanın, bir millətin gücü, iradəsi,  torpaqlarını geri qaytarmaq istəyi,  səfərbər olub silaha sarılması,  "öldü var, döndü yoxdur" prinsipi ilə bu yolda savaşmasının özü imiş ədalət!

2020-ci ilin  payızında elə dünyanın özü də gördü bunu, yatmış vulkan kimi oyanıb, kükrəyib daşan Vətən sevgisinin nələrə qadir olduğunu anladılar... Səbir kasası dolub-daşan xalq daha gözləmək istəmədi,  çünki dərdinin əlacını özündə gördü.  Azərbaycan əsgəri arxasında dağ kimi dayanan  xalqına güvənib torpaq savaşına başladı.  Özünün qüdrətli sərkərdəsinin əmrinə müntəzir dayanıb  itirilmiş torpaqlarını kənd-kənd, oba-oba, qarış-qarış azad etdi. Azad etdiyi o yerlərə  üçrəngli bayrağımızı sancdı, tarix yazdı. Yazdı ki, o tarixləri unutmayaq...

Müharibədən danışdıq. O müharibədən ki, kimin üçünsə  haqqı, ədaləti bərpa edir. O müharibədən ki,  bəzən əsassız yerə  başlayıb milyonlarla insanın həyatına son qoyur. Gəlin, əsassız deməyək. Çünki  bəşər tarixində  baş vermiş toqquşmaların, münaqişələrin, müharibələrin demək olar ki, hamısı torpaq uğrunda olub.  Yəni kimlərsə daha çox torpaq əldə etmək, kimlərsə öz torpaqlarını itirməmək uğrunda savaşıb... Biz də torpaq uğrunda savaşdıq, əlimizdən zorla qoparılan  torpaqlarımızı geri qaytardıq...

2020-ci il 27 sentyabr - 2020-ci il 10 noyabr. Gəlin, unutmayaq bu tarixləri. 44 günlük Vətən müharibəsi. Ellər səfərbər oldu. Silahı olmayanda  nifrətini barıt tək qəlbinə dolduran,  at belində doğulan,  zamanın qazanında neçə dəfə  dağ olan, min illərdir adının keşiyində duran  el oğulları bu dəfə də  silaha bərk-bərk sarıldı.

Payız təzəcə girmişdi, ağacların yarpaqları yavaş-yavaş saralır, bəziləri qırmızımtıl rəng alır, əvvəlki yerində qərar tuta bilməyib yerə tökülürdü. Tez-tez xəzan yeli əsirdi,  üzü qışa doğru gedirdi.  Ürəyimiz də tit-tir titrəyirdi,  axı qarşıda yağışı,  boranı, qarı vardı.  Silah tutan barmaqları üşüyərdi,  donardı soyuqdan.  Ancaq heç nə qorxutmurdu onları, nə şıdırğı yağan yağışlar,  nə çovğun, boran, qar dayandıra bilmirdi  Azərbaycan əsgərini. Sıraları seyrəldikcə, azad  edilən kəndlərin, qəsəbələrin sayı çoxalırdı. Cəbhədən gələn xəbərləri  acgözlüklə içimizə çəkirdik.  Ali Baş Komandandan müjdə gözləyirdik. Hər dəfə televiziya ekranından o müjdəni verəndə necə də məğrur, qürurlu, sevincli görünürdü. Çünki güvəndiyi, gücünə  bələd olduğu ordusu vardı: "Qarabağ Azərbaycandır!" şüarını da elə qürurla, inamla səsləndirirdi ki... Gecə-gündüz  döyüş mövqeyində idi Ali Baş Komandan, ön və arxa cəbhədə  uğurlu həmlələr etmək üçün  düşünür, düşmənlərimizin  əks-təbliğat maşınını susdurmaq üçün  diplomatik gedişlər  axtarırdı.  Dünya güclərini də susdurmağı bacarırdı, hər kəsin öz dilində cavabını verir: "Bizim mübarizəmiz haqq mübarizəsidir...", - deyib reallığı onlara anlatmağa çalışırdı...

Sentyabrın 30-da  işinin gərginliyinə baxmayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev  birinci xanım Mehriban Əliyeva ilə  Müdafiə Nazirliyinin Mərkəzi  Hərbi Klinik Hospitalında  müalicə olunan hərbçilərlə görüşdü. Necə deyərlər, xəstə ziyarətinə gəldi: "Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib,  Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı  Azərbaycan tarixinə yazdırırsınız...  Azərbaycan xalqı qəhrəman xalqdır ki,  sizin kimi övladlar yetişdirib", - deyirdi.

Oktyabrın 2-də Azərbaycan tərəfindən buraxılmış raketin dəqiq zərbəsi ilə Laçın rayonunun Həkəri çayı üzərindəki körpü məhv edildi. Beləliklə, Ermənistanı  Qarabağdakı işğalçı qoşunlarla  birləşdirən daha bir yol  bağlanmış oldu...  Bundan sonra Azərbaycan əsgəri  bir addım belə geri çəkilmədən  son qələbəyədək irəlilədi... Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı.  O an da yəqin ki, yadınızdadır, unutmamısınız. Bəli, Azərbaycan 200 illik  tarixinin ilk qələbəsini imzaladı o gecə. Bu qələbə aktına üç minədək  şəhidimizin qanı ilə  imza atıldı. Bizim yerimizə heç kəs döyüşmədi... Bir əsgərimiz belə fərarilik etmədi. Televiziya ekranında müxbirin: "Sizə bir şey lazımdırmı?" - sualına: "Heç nə lazım deyil, yalnız dualar edin, qələbəmiz üçün", - deyirdi qalib əsgər. Elə ağbirçək nənələrimizin,  analarımızın haqqın dərgahına  əl açıb etdikləri dualar  da qol-qanad verdi  döyüşən oğullarımıza.  Üçrəngli bayrağımızı döş cibində, ürəyinin başında gəzdirən əsgərimiz silahın tətiyini də aldığı  bu güclə çəkdi.  O bayrağa bürünüb çiyinlərdə döndü,  ancaq mübarizəsindən dönmədi. Qəhrəman Azərbaycan  anası ağladı, sızladı, sonunda çiynini oğlunun  tabutuna verib onu  toy gərdəyinə  yola salırmış kimi torpağa tapşırdı. 

Azərbaycan torpaqlarının  hər yerində payızın oğlan çağında, qışın astanasında "lalələr açdı", qırmızı bayrağa, gülə-çiçəyə bürünmüş məzar daşları "göyərəcəyi" günü gözlədi.  Bilirik, o qara daşların  altında uyuyan çiçək açmamış  arzuların, nakam ömürlərin  hərarəti onların müqəddəs ruhları  göyərdəcək qırmızıya boyanmış qara daşları. Qarabağımızın hər yerində  ucaldılan al bayraqlar, tikilən, qurulan yeni evlər, salınan kəndlər, bağrı qan olan torpaqlara qayıdan həyat,   o yerlərdə dünyaya gələn körpələrin gülüşü, uşaqların şaqraq səsi  mütləq "göyərdəcək" o daşları.

Qoy, dünya birliyi necə varsa eləcə də kar, kor, lal olsun. Qoy, görməsin həqiqəti, reallığı.  Qoy, partlasın qazandığımız uğurlardan, qələbələrdən. Ehtiyat etsin Azərbaycanın, onun liderinin gücündən. Təki biz unutmayaq, yaddan çıxarmayaq, hər kiçik qələbəmizə  sevinib, onu axarıncı, daimi etməyə  gücümüz yetsin. Axı, mübarizə hələ bitməyib. Səməd Vurğun demiş:

Mübarizə bu gün də var, yarın da,

Biz də onun ən ön sıralarında...

İnanmalıyıq dövlətimizə, liderimizə, qalib sərkərdəmizə, güvənməliyik. Elə bu inam da, güvən də güc verəcək ona  bütün dünya ilə savaşmağa.  Savaş yalnız döyüş meydanında olmur ki... Ən çətin savaş elə  diplomatiya, söz savaşıdır.  Tarixi qələbəmizdən sonra  münaqişə tərəfləri arasında hələ də sülh müqaviləsi imzalanmayıb.  Çünki qlobal güc sahibləri sülh istəmir. Yaxın Şərq, Afrika və Asiya  bölgələrində uzun illər davam edən  münaqişələrin tarixi də  məhz bunu göstərir. Cənubi Qafqazda isə belə olmadı. Qarabağ münaqişəsini "dəmir yumruq"la həll edən Azərbaycan Prezidenti indi dəmir iradə ilə postmüharibə dövründə regionda sülhün, barışın əldə olunmasını prioritet  məsələ kimi müəyyənləşdirir. Lakin yeri gələndə cızığından çıxmaq istəyən  ermənini yerində  oturtmağı da  istisna etmir, əlbəttə ki,  beynəlxalq qanunlar çərçivəsində... Hər bir vətəndaşının qayğısına qalan,  hər bir fərdin  Prezidenti olan dövlət başçısı  müharibə istəmir, xalqının bu mövqeyini hər çıxışında bəyan edir. Anaları  gözüyaşlı görmək istəmir, Azərbaycan lideri axı xalqının işıqlı sabahına, xoşbəxt gələcəyinə and içib. Bu isə ilk növbədə,  sərhədlərimizin bərpasından, bizim olana sahib çıxmağımızdan, ona verəcəyimiz dəyərdən asılıdır.  Anlamalıyıq ki, ömürdən pay verərlər, torpaqdan pay olmayır. Tarixin acı dərslərindən nəticə çıxarmalıyıq. Bunun üçün isə  unutqanlıq  mərəzindən xilas olmalıyıq. Ulu öndərin dediyi kimi, nə qədər ağır olsa da, yaşadığımız faciələri, onları bizə yaşadanları unutmamalıyıq, onların bir daha təkrarlanmaması üçün.  Hələ iki əsrdən bəri olanları demirəm, ötən əsrin əvvəllərində diri-diri yandırılan,  süngülərə keçirilən insanların faciəsini unutmasaydıq, əsrin sonlarında təkrar yaşamazdıq Yanvar, Xocalı faciələrini. Unutmayaq, unutdurmayaq  faciələrimizi də, uğurlarımızı da... Gəlin, onları birlikdə, var gücümüzlə bütün bunları görmək istəməyən dünyanın yaddaşına əbədi həkk edək...  Bir də unutmayaq ki, bizə məhz elə parlaq və möhtəşəm qələbə yaraşır...

Zümrüd QURBANQIZI,

"Respublika".