UNUDULMAZ TARİXİ GÖRÜŞLƏR
Digər xəbərlər

UNUDULMAZ TARİXİ GÖRÜŞLƏR

1998-ci ilin sentyabr ayında müstəqil Azərbaycan dövlətinin ilk qadınlar qurultayı keçirilirdi. Rayonumuzun ictimai, siyasi, mədəni həyatında sayılan, seçilən, öz əməyi ilə yüksək uğurlara nail olmuş qadınların nümayəndə heyətinin tərkibində mən olduğum üçün özümü xoşbəxt hiss edirdim. Hər dəfə televiziya ekranlarında qəzet səhifələrində gördüyüm, şəxsiyyətinə heyran olduğumuz bir insanla görüşəcəyim üçün çox sevinirdim.

Respublika sarayında öz işinə başlayan qurultayda ölkənin şəhər rayonlarından seçilmiş 2101 nəfər nümayəndə iştirak edirdi. Qurultay nümayəndələri öz çıxışlarında vurğuladılar ki, Azərbaycan qadınları münaqişənin sülh, danışıqlar yolu ilə həlli sahəsində respublika Prezidenti Heydər Əliyevin gərgin, müdrik fəaliyyətini, atəşkəsin qorunub saxlanmasını dəstəkləyirlər.

Sentyabrın 15- günün ikinci yarısında gözlədiyim an gəlib çatdı. Qurultay nümayəndələri qonaqlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar. Dünyanı siyasəti ilə heyran edən, mehriban təbəssümlü, nur çöhrəli bu insanı gördüyüm, izlədiyim üçün qürur hissi keçirirdim. Ulu öndərin kəskin baxışları, əzəmətli duruşu, səsi, qeyri-adi yaddaşı, faktlarla hər bir sahəni təhlil, gələcəklə bağlı hədəfləri şərh etməsini dinlədikcə düşünürdüm, Heydər Əliyevin həyatı, ömrü bir möcüzədir, kitablara sığmayan qəhrəmanlıq salnaməsidir. O, bütün həyatını, qüvvə bacarığını vətənin azadlığı uğrunda mübarizəyə həsr edib. Ömrünü, səadətini, dincliyini öz ana vətəninə - Azərbaycana sərf edib, yorulmayıb, əksinə, zövq alıb, Azərbaycanı gülüstana döndərməkdən, köhnələri yeniləməkdən, qurub-yaratmaqdan ilhamlanıb.

Ümummilli lider Heydər Əliyev qurultayda 2 saatdan artıq bir müddətdə çıxış etdi. Məni heyran edən o oldu ki, bu müddət ərzində heç bir qeydə baxmadan tarixi siyasi faktlara əsaslanaraq cəmiyyətdə qadınların rolunu dəqiq nümunələrlə çatdırdı. Azərbaycan qadınının gələcək fəaliyyət proqramını şərh etdi.

O dahi şəxsiyyəti dinlədikcə bir daha onun necə mükəmməl, düşüncəli, savadlı insan, lider olduğuna inandım. Qurultay sona çatdıqdan sonra ulu öndərin qurultay nümayəndələri ilə görüşü yaddaqalan oldu. Hər bir insana dəyər verən şəxsiyyət qurultay iştirakçılarına yaxınlaşaraq onlarla görüşdü. Bizimlə çəkdirdiyi xatirə şəkillərini bu günə qədər saxlayıram.

Ulu öndərlə ikinci görüşüm Azərbaycan müəllimlərinin 25 sentyabr 1998-ci il tarixdə keçirilən I qurultayında oldu. Müəllimlərin əməyinə, fəaliyyətinə, zəhmətinə böyük dəyər verən ümummilli lider bu sahənin dərin bilicisi kimi çıxış etdi. Azərbaycan müəllimlərinin gələcək fəaliyyət sahələri, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün görülməli olacaq işlərin geniş təhlilini verdi.

Bu görüş məndə peşəmə olan sevginin daha da artmasına səbəb oldu. Ulu öndərin təhsil sahəsində tövsiyələrini ləyaqətlə həyata keçirən işlədiyim N.Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseyin pedaqoji kollektivi ötən dövr ərzində sayagəlməz uğurlara imza atmışdır. Aradan 25 il vaxt keçməsinə baxmayaraq, dahi liderlə olan ilk görüşüm heç vaxt yaddan çıxmır. Hər dəfə mavi ekranda onun simasını görəndə, səsini eşidəndə onunla ilk görüşüm yadıma düşür. Ulu öndərlə görüşmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hiss edirəm.

Bu gün qazanılan hər bir uğur, hər bir qələbə göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, ideyaları uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevi

n 100 illiyi ərəfəsində torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirib azərbaycanlı olmağı ilə fəxr edən, xalqının, dövlətinin rifahı naminə ömrünü şam kimi əridən ulu öndərin ruhunu şad edib.

Güləbənzər SƏRKƏROVA,

Qax rayonu, təqaüdçü müəllim.