Unudulmaz elm xadimi, dahi şəxsiyyət
Tarixi şəxsiyyətlər

Unudulmaz elm xadimi, dahi şəxsiyyət

“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar".

Məhəmməd əleyhissalam.

Ulu Tanrı yaratdığı hər bir insana müəyyən bir ömür bəxş edir. O kəslər xoşbəxtdir ki, öz ağlı, biliyi, zəkası, zəhməti, əməli, ədəb-ərkanı ilə ona verilən həyatı məzmunlu və mənalı yaşayır. Həm cəmiyyətə, insanlara səadət bəxş edir, həm də xalqı, milləti, övladları yaşanmış bu ömürdən qürur duyur, iftixar hissi keçirirlər. Belələri şəxsiyyət zirvəsinə ucalır, əsl vətən övladı olurlar.

1907-ci il dekabr ayının 15-də Zəngəzur qəzasının Comərdli kəndində (indiki Ermənistan Respublikası Qarakilsə (Sisyan) rayonu) anadan olmuş akademik Həsən Əlirza oğlu Əliyev də belə şəxsiyyətlərdəndir.

Anadan olmasının 115 illiyi qeyd olunan dünyaşöhrətli görkəmli təbiətşünas, torpaqşünas, coğrafiyaçı, ekoloq alim, dəyərli insan, el ağsaqqalı, Azərbaycan EA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor Həsən Əliyevin tərcümeyi-halına, həyat yoluna nəzər saldıqda bu yaşanmış ömrün nə qədər də keşməkeşli və zəngin olduğu öz təsdiqini tapır. O, daim elmi axtarışda olmuş, enişli-yoxuşlu, çətin, lakin şərəfli bir ömür yaşamışdır. Böyük insan, alim, ziyalı və sözün əsl mənasında şəxsiyyət idi, Həsən müəllim.

Böyüklüyü onun zəhmətkeşliyində, vətənpərvərliyində, qayğıkeşliyində, millətsevərliyində, təəssübkeşliyində, müdrikliyində, eləcə də gözəl ailə başçısı, sadə, təvazökar və sayılıb-seçilən bir el ağsaqqalı olmasında özünü büruzə verirdi.

Hər cür çətinliklərin sınağından bacarıqla çıxmış, böyük həyat təcrübəsi, zəngin dünyagörüşə, güclü yaddaşa və fitri istedada sahib olan bu insanın özünəməxsus həyat tərzi, dəst-xətti, öz elmi yolu və elmi məktəbi var idi.

10 yaşında olarkən daşnak ermənilərin Zəngəzurda törətdikləri dəhşətli vəhşilikləri öz gözləri ilə görmüş Həsən müəllim çox böyük fəlakət və çətinliklərlə 1918-ci ildən doğmaları ilə birgə Naxçıvan şəhərində məskunlaşır və kiçik yaşlarından əmək fəaliyyətinə başlayır, axşam məktəbini bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirir. 1930-1932-ci illərdə isə Həsən Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb, aspiranturaya daxil olur.

1934-cü ildə Pambıqçılıq İnstitutunda aspiranturanı başa vurduqdan sonra bir müddət Ucar və Kirovabad zona Təcrübə Stansiyalarında direktor vəzifəsində, 1935-ci ildən isə Bakı şəhərində əmək fəaliyyətini davam etdirir. 1941-ci ilə qədər müxtəlif vəzifələrdə işləməklə yanaşı, SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya fənnini tədris etmişdir.

1941-ci ildə dissertasiya işini müdafiə etmək məqsədilə Moskvaya gedən Həsən müəllim Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Bakıya qayıdaraq könüllü olaraq hərbi xidmətə gedir və orada rota komandirinin siyasi məsələlər üzrə müavini olur. 1943-cü ildə ağır yaralandığına görə arxa cəbhəyə qaytarılır. 1944-cü ildən Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Bu illərdə o, dissertasiya işini də müdafiə edir.

Sonralar Botanika İnstitutunda direktor, 1952-1968-ci illərdə kənd təsərrüfatı nazirinin birinci müavini, EA-nın həqiqi üzvü, akademik katibi, Az.KP MK-nın katibi və üzvü olmuşdur. 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-1987-ci illərdə Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna qədər isə həmin institutda məsləhətçi işləmişdir.

Fəaliyyəti dövründə Həsən Əliyev Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidenti, Azərbaycan SSR Təbiəti Mühafizə Komissiyasının sədri, bir çox beynəlxalq cəmiyyətlərin üzvü, beynəlxalq konfransların, simpoziumların, qurultayların təşkilatçısı və iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Həsən müəllimin ölkəmizdə və dünyanın bir çox ölkələrində müxtəlif dillərdə 500-dən çox elmi əsəri nəşr edilmişdir. Eləcə də, onun elmi rəhbərliyi ilə onlarla elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Azərbaycan dövləti Həsən müəllimin misilsiz xidmətlərini layiqincə qiymətləndirərək onu "Qırmızı ulduz", "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordeni, "Vətən Müharibəsinin birinci dərəcəli Ordeni" və s. medallar və Fəxri fərmanlarla təltif etmişdir. Bütün bunlarla yanaşı, Həsən müəllimin qazandığı ən böyük mükafatlardan biri isə xalqının, millətinin, el-obasının ona göstərdiyi sevgi, hörmət və ehtiram idi.

Həsən Əliyev dünyanın bir çox ölkəsində olmuş, beynəlxalq elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir. O, həmişə deyirdi ki, öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımıram. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəzolunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Bizim hər birimiz Allahın bizə bəxş etdiyi bu neməti göz bəbəyi kimi qorumalı, keşiyində durmalı, qayğısını çəkməliyik. Həsən müəllimin Azərbaycan və rus dillərində nəşr etdirdiyi "Həyəcan təbili" əsəri XX əsrdə elmə verdiyi ən dəyərli hədiyyə idi. Həmin əsərin hər iki nəşrini öz imzası ilə o, mənə də hədiyyə vermişdi.

Kitabın Azərbaycan dili ilə yazılmış nəşrini oxuduqdan sonra Həsən müəllimə kitabın çox gözəl poetik dildə yazıldığını dedim. O, isə gülümsəyərək dedi: "Mənim uşaqlıqdan poeziyaya, şeirə çox böyük həvəsim vardı".

Bu haqda xalq şairi Nəriman Həsənzadə yazmışdı: "Bütün varlığı ilə elə, obaya, bağlı olan bu böyük insan şeirin, sözün, sənətin aşiqi idi".

Bir dəfə Bakıdan gələn qonağımı Göygölə aparmaq istəyirdim. Çaykəndi keçdikdən sonra maşın karvanı ilə rastlaşdıq. Maraqlandıq, dedilər ki, qoruğa gedən yol bağlıdır. Akademik Həsən Əliyev qoruğa getməyə icazə vermir. Geri qayıtdıq. Bir müddətdən sonra Həsən müəllimlə görüşərkən həmin hadisəni ona danışanda çox bərk qəzəbləndi. Dedi ki, Göygöl dünyanın ən gözəl guşələrindən biridir. Heç kəsə ora getmək qadağa edilməyib, sadəcə qoruğun qaydalarına əməl etmək lazımdır.

Vətənə bağlı bir insan kimi torpağın mühafizəsi Həsən müəllimin həmişə diqqət mərkəzində olmuşdur. O, deyirdi: Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim "çörək ağacımız" olmaqla yanaşı, həm də yaşayışımızın ilkin şərtini təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq vətən deməkdir. Ana öz döşlərindən balasına süd verdiyi kimi, torpaq da insanları yedirir, içdirir və geydirir. Onu dinləmək, görmək və hiss etmək lazımdır.

Akademik Həsən Əliyev həmişə torpağın üst məhsuldar qatının eroziyaya uğrayaraq dağıldığına, çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində tikinti-inşaat işlərinin aparılmasına öz etirazını kəskin şəkildə bildirir və insanları torpağın qayğısına qalmağa çağırırdı.

Bir sözlə, Həsən müəllim təbiət vurğunu idi. O, torpağın da, meşələrin də, su hövzələrinin də, ölkəmizin fauna və florasının da qayğısına qalır və onların qorunması üçün var qüvvəsini əsirgəmirdi. O, ölkəmizin hər yerini qarış-qarış gəzərək gördüklərini həmişə çiynində gəzdirdiyi fotoaparatın lentinə köçürər, vaxtaşırı respublikamızın bütün bölgələrində təbiətin mühafizəsi ilə bağlı maraqlı mühazirələr söyləyər, insanları bu sahəyə diqqətli olmağa çağırar və onları maarifləndirərdi.

Uzun müddət "Azərbaycan təbiəti" jurnalının nəşr olunmasında Həsən müəllimlə birgə fəaliyyət göstərmiş, jurnalın baş redaktoru, görkəmli xalq şairi Məmməd Araz yazırdı: "Azərbaycan torpaqşünaslıq elmi" öz yaranışı, inkişafı, tədqiqat yolu üçün həmişə Həsən Əliyevin ruhuna baş əyməlidir. Əgər Həsən Əliyev kimi insanlar olmasaydı, dağlar arxasız, çaylar məcrasız, düzlər çəmənsiz, meşələr kimsəsiz, təbiət isə yiyəsiz qalardı".

O, xalqın oğlu səviyyəsinə yüksələn, öz əli ilə özünə abidə qoyan alim, həm də çox sərrast qələmi olan jurnalist idi. Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, "Həsən Əliyev Azərbaycan üçün yaşayan bir vətəndaş idi".

Həsən müəllimin özü isə belə deyirdi: "Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz və vicdansız ola bilməz".

Ötən əsrin 70-ci illərindən yaxından tanıdığım, şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyim görkəmli şəxsiyyət Həsən Əliyevlə müxtəlif yerlərdə - Bakıda, Gəncədə, Qalaaltında, Pirquluda, Zağulbada, Tbilisidə, Moskvada və s. olan çoxsaylı görüşlərimdən deyə bilərəm ki, o, təkcə özü üçün yaşamadı, eyni zamanda bu nəcib insan Azərbaycan elminin inkişafı, xalqı, milləti, eli, obası üçün yaşadı. İmkansızların dayağı, tərəfsizlərin tərəfi, haqqın müdafiəçisi, xüsusən də yaradıcı gənclərin pənahı idi, Həsən müəllim. O, həmişə deyərdi: "Sənə pənah gətirəni imkanın daxilində naümid qaytarma. Etdiklərinə görə də heç bir təmənna gözləmə". Bu gün onun ruhu qarşısında baş əyirəm və əminəm ki, nə qədər müstəqil dövlətimiz, qədirbilən xalqımız var, Həsən Əliyev daim yad ediləcək və əziz xatirəsi uca tutulacaqdır.

Kamil FƏTƏLİYEV,

"Aqromexanika" Elmi-Tədqiqat

İnstitutunun direktoru.