Unudulmayan qəhrəmanlar
Region

Unudulmayan qəhrəmanlar

34 il bundan əvvəl keçmiş sovet ordusunda xidmət edən azərbaycanlı əsgər Rahib Məmmədov təbii fəlakət zamanı insanların həyatını xilas edərkən qəhrəmanlıqla həlak olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və özü əbədiyyətə qovuşub.

Gənc əsgər ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Kənddəki orta məktəbdə təhsil alıb. Ailənin sevimlisi olub, tərbiyəli, səmimi davranışı ilə seçilib, cəsarətli və qoçaq olub. Məhz bu xüsusiyyətlərinə görə Gürcüstanda göstərdiyi qəhrəmanlıq onun doğulduğu Mahrızlı kəndini, Ağdamı məşhurlaşdırıb, bir evin oğlu böyük Azərbaycanın oğlu kimi tanınıb. Bu günlərdə azərbaycanlı cəsur əsgər Rahib Məmmədovun xatirəsi onun adını daşıyan Ağdam rayonu Mahrızlı kəndindəki Döyüş şöhrəti muzeyində anılıb. Tədbir iştirakçıları R.Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə əklil və gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mədəniyyət işçilərinin, Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru Sahib Məmmədov, Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov, polkovnik-leytenant Ramil Məmmədov, Üçoğlan kənd mədəniyyət evinin müdiri Sevda Cəfərova, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev və başqaları çıxış edərək Rahib Məmmədovun qısa və mənalı həyat yolundan söz açıblar, onun  qəhrəmanlığı ilə qürur duyduqlarını dilə gətiriblər.

Tədbir iştirakçıları Döyüş şöhrəti muzeyində R.Məmmədova məxsus əşyalarla tanış olublar. Sonda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 1987-ci ildə istehsal etdiyi və Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunan “Əbədiyyət yolu” sənədli filminin yenilənmiş versiyası nümayiş olunub.

Qəhrəman əsgər Rahib Məmmədovun şücaəti sayəsində xilas edilən insanların çoxu həyatda yaşayır və onlara yeni həyat bəxş edən əsgərin igidliyini  heç zaman unutmurlar. Yerli sakinlər bu gün də 1987-ci ildə baş verən təbii fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini əziz tuturlar. Rahib həlak olan gün həmin kənddə doğulan oğlan uşağına azərbaycanlı qəhrəman əsgərin şərəfinə Rahib (Rahib Çanturiya) adını veriblər.

    Salman ALIOĞU,

“Respublika”.