Unudulmayan igidimiz 
Sosial həyat

Unudulmayan igidimiz 

İmişlidə şəhidlərimizin Vətən  müharibəsində adlarını hərb  tariximizə qızıl hərflərlə yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.  Vətən  uğrunda  canından  keçən  oğul  və  qızlarımız,  onların  ailələri  daim  yad  olunur.  Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək  öz  canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Quliyev  Elçin  Etibar  oğludur.  Yaşasaydı, bu  gün  qələbə  sevincini  və  doğum  gününü  öz  ailəsi  ilə  birlikdə  qeyd  edəcəkdi.

Elçin  Quliyev  2001-ci il avqustun  24-də İmişli rayonunun Məzrəli  kəndində  anadan  olub. Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı  Elçin  Rzayev  və  Aparatın  məsul  əməkdaşları şəhidimizin ailəsinə  baş  çəkərək  onların  qayğıları  ilə  maraqlandılar.   Şəhidimizin dəfn olunduğu Məzrəli  kənd qəbiristanlığında  Şəhidlər abidəsi yad edildikdən sonra  Elçin  Quliyevin məzarı   önünə gül-çiçək dəstələri qoyulub,   ruhuna dualar oxundu.

Ziyarət zamanı çıxış edən  rayon  rəhbəri   bildirdi   ki, şəhidlərimizə, Qarabağ müharibəsi  əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Vətən müharibəsində Azərbaycan gəncliyi  vətənpərvərliyini, əzmini bütün dünyaya göstərdi. Şəhidlərimiz daim xatirələrdə yaşayacaqlar və heç zaman unudulmayacaqlar.  Elçin  Rzayev bildirdi  ki, cənab  Prezident  İlham  Əliyevin çağırışı  ilə  səfərbər  olan imişlili  gənclər  də  bu  müharibədə yüksək vətənpərvərlik  ruhu  ilə  iştirak  etmiş, düşmənə  ağır  zərbələr  vuraraq,  torpaqlarımızı  işğaldan  azad  ediblər.  Dövlətimiz  və  xalqımız  müharibədə  qəhrəmancasına  həlak  olmuş  şəhidlərimizin  xatirəsini  əziz  tutur,  onların  ailələrinə   və  döyüşlərdə  ağır  yaralanıb  əlil  olmuş  qazilərə  qayğı  və  diqqətini  heç  vaxt  əsirgəmir. Tədbirdə şəhidimizin qısa və şərəfli həyat yolundan xatirələr söylənildi.

Düşmənə ağır zərbələr endirən   Quliyev Elçin Etibar  oğlu  Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.          

   Ərəstun  ABDULOV,

       “Respublika”.