UNUDULMAYAN İGİD Kənan Müzəffərlinin doğum günündə məzarı ziyarət olunub
Region

UNUDULMAYAN İGİD Kənan Müzəffərlinin doğum günündə məzarı ziyarət olunub

Vətən müharibəsində, Qarabağ uğrunda haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Müzəffərli Kənan Azər oğludur. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.

Bu günlərdə 26 yaşı tamam olan Kənan Müzəffərlinin xatirəsi  yad olunub. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Çalburun kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət ediblər. Məzarın üstünə  tər qərənfillər düzülüb, igid Vətən oğlunun əziz xatirəsi dərin ehtiramla yad olunub.

Müharibədə qəhrəmanlıq göstərən şəhid Kənan Müzəffərli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Kənan Müzəffərlinin  əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Kənan kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Vəli VƏLİYEV,

"Respublika".