UNİVERSİTETİN YENİ TƏDRİS KORPUSU
Region

UNİVERSİTETİN YENİ TƏDRİS KORPUSU

Lənkəran Dövlət Universiteti respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Bu il universitetə 1600 tələbə qəbul olunub. Universitetdə ümumilikdə 5500 tələbə təhsil alır. Təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət göstərilir. Üç il əvvəl iki yeni tədris korpusu və qızlar üçün 153 yerlik yataqxana binası tikilərək istifadəyə verilmiş, keçən ilin oktyabr ayında daha bir beşmərtəbəli tədris korpusunun tikintisinə başlanılmışdır. İşlər vaxtında və keyfiyyətlə görülüb.

Modern üslubda inşa olunmuş yeni binada tikinti, təmir, quraşdırma işləri başa çatdırılıb. Korpusun açılışına həsr edilmiş mərasimə Elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Rüfət Quliyev, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov son illər təhsil ocağının qazandığı uğurlardan söhbət açıb. Universitetdə müasir təhsil mühitinin yaradıldığını, elmi kitabxananın əsaslı şəkildə təmir edildiyini, turizm-tədris bazasının, müəllimlər üçün xidməti evlərin, tələbələr üçün yeməkxananın inşa edildiyini, aqrar ixtisaslar üzrə təcrübə təsərrüfatının yaradıldığını bildirib. Maddi-texniki baza ilə yanaşı, kadr potensialının yaxşılaşdırıldığını, qardaş Türkiyədən 3 professorun universitetə dəvət edildiyini, tələbələrin Türkiyənin nüfuzlu ali təhsil ocaqlarında təcrübə keçəcəyini vurğulayıb.

Rektor qeyd edib ki, yeni beşmərtəbəli tədris korpusu 85 otaqdan ibarətdir və bir növbədə 1200 nəfər tələbənin təhsil alması üçün burada hər cür şərait yaradılıb. Yeni tədris binası liftlə təmin edilib. Həmçinin, fiziki məhdudiyyətli şəxslərin bina daxilində hərəkəti üçün pandus quraşdırılıb. Mədəni-kütləvi tədbirlərin keçirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Korpusun həyətində yaşıllaşdırma işləri görülüb, gözəl, yaraşıqlı park salınıb. Filologiya və ibtidai təhsil, tarix-coğrafiya və incəsənət fakültələrinin tələbələri burada oxuyacaqlar. Universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Elm və təhsil naziri Emin Əmrullayev dərs ilinin başlanması və yeni tədris korpusunun istifadəyə verilməsi münasibətilə universitetin professor-müəllim və tələbə heyətini təbrik edib, ən xoş, səmimi arzularını söyləyib. Nazir son illərdə Azərbaycanda, həmçinin bölgələrdə təhsilin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb. Bu il ölkənin ali məktəblərinin bakalavr pilləsinə 50 minə yaxın gəncin və 10 min nəfərin də magistraturaya qəbul oldunduğunu bildirən nazir yaxın illərdə ümumilikdə bu rəqəmin təqribən 75 minə çatacağını deyib.

Nazir son illər Lənkəran Dövlət Universiteti üçün yeni tədris korpuslarının tikintisini yüksək dəyərləndirib, bunun tələbələrin həvəslə oxumalarına, təhsilin keyfiyyətinə stimul verəcəyini bildirib, həmçinin azad edilmiş torpaqlarımızda yeni məktəblərin açılışından danışaraq pedaqoji fakültələrdə oxuyan tələbələri həmin məktəblərdə işləməyə dəvət edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov universitetin inkişaf tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, yeni tədris korpusunun tikilib istifadəyə verilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin təhsilinə göstərdikləri yüksək qayğının bariz nümunəsi kimi dəyərləndirib. Təzə tədris binasının universitetin 30 illik yubileyi ərəfəsində istifadəyə verildiyini vurğulayan icra başçısı tələbələrin burada müasir biliklərə yiyələnəcəyini, ölkəmizin gələcək inkişafına, tərəqqisinə öz töhfələrini verəcəyini bildirib.

Millət vəkili Rüfət Quliyev Lənkəran təhsilinin mütərəqqi ənənələrindən, görkəmli alimlərin, ziyalıların bölgəni ləyaqətlə təmsil etməsindən danışıb, tələbələri yaxşı oxumağa, kamil mütəxəssis kimi yetişməyə, Vətənə, dövlətə sədaqətlə xidmət etməyə çağırıb.

Sonra mərasim iştirakçıları yeni tədris korpusunda yaradılmış şəraitlə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".