UNİVERSİTETDƏ İKİ BEYNƏLXALQ KONFRANS
Elm və təhsil

UNİVERSİTETDƏ İKİ BEYNƏLXALQ KONFRANS

Lənkəran Dövlət Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə iki beynəlxalq konfrans keçirilib. Dünyanın 22 ölkəsinin təmsil olunduğu tədbir "Subtropik və sitrus meyvələri" və "İpək yolu" mövzularına həsr edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov plenar iclası açaraq 30 yaşlı tədris ocağının əldə etdiyi nailiyyətlərdən, universitetdə elmi mühitin formalaşdırılması istiqamətində görülən işlərdən, elmlə istehsalatın əlaqələndirilməsi sahəsində aparılan tədqiqatlardan danışıb.

Beynəlxalq konfransların universitetin elmi mühitinə müsbət təsir edəcəyini vurğulayan rektor səmərəli əməkdaşlığa görə tərəfdaş universitetlərin rəhbərlərinə minnətdarlıq edib və konfrans iştirakçılarına uğurlar arzulayıb.

Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun rəhbəri Mustafa Latif Emek bu cür tədbirlərin ölkələrimiz arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Sonra Qaziantep Universitetinin dosenti Yunus Emre Tansünün, Çukurova Universitetinin bölmə rəhbəri Sadettin Baloğlunun çıxışları dinlənilib.

"Subtropik və sitrus meyvələri" beynəlxalq konfransında Lənkəran Dövlət Universitetinin professoru Mikayıl Məhərrəmov, "İpək yolu" Beynəlxalq elmi tədqiqatlar konfransında dosent Kamal Mahmudov məruzə edib.

Hər iki konfrans bölmələrdə öz işini davam etdirib. İki gün ərzində 200-ə yaxın elmi məqalə və tezis dinlənilib. Konfranslarda universitetlərin professor-müəllim heyətləri, doktorant, magistrant və tələbələr iştirak ediblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".