UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında Qoşulmama Hərəkatına üzv ölkələrin bəyanatı səsləndirilib
Siyasət

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında Qoşulmama Hərəkatına üzv ölkələrin bəyanatı səsləndirilib

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası davam edir.

AZƏRTAC xəbər verir ki, İcraiyyə Şurasının üzvü olan Azərbaycan 215-ci sessiyada Milli Komissiya və Daimi Nümayəndəliyinin üzvləri ilə təmsil olunur. Sessiyanın bugünkü iclasında UNESCO-da Qoşulmama Hərəkatına (QH) üzv ölkələr qrupuna Azərbaycanın sədrliyi çərçivəsində QH ölkələrinin bəyanatı səsləndirilib. Bəyanatda qeyd edilib ki, Qoşulmama Hərəkatı yarandığı gündən qlobal sülhün, ədalətin və həmrəyliyin inkişafında böyük rol oynayıb.

BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq qurum kimi müxtəlif tarixi, siyasi və mədəni mənşəli 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı təşkilatı multilateralizmin əsl nümunəsidir.

Qoşulmama Hərəkatına üzv dövlətlərin cari ilin sentyabr ayında təşkil olunmuş Təhsilin Transformasiyası Sammiti və MONDIACULT Konfransını təqdir etdiyi bildirilib. QH ölkələr qrupu UNESCO-nu Afrika, gender bərabərliyi kimi qlobal prioritetlərə dair səylərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, eləcə də gənclər məsələlərinə də prioritet yanaşma tətbiq etməyə çağırıb.

Qoşulmama Hərəkatına üzv dövlətlərin adından hazırlanmış bəyanatda rasizmin bütün formaları qınanılaraq, QH ölkələrinin mədəni mülkiyyətinin qeyri-leqal idxalı, ixracı və qanunsuz olaraq ölkədən çıxarılmasının qadağan edilməsi və qarşısının alınması üzrə 1970-ci il Konvensiyasının müddəalarının tətbiq olunmamasından və qızların təhsili ilə bağlı mövcud olan çətinliklərdən ciddi narahatlıq ifadə edilərək, Fələstində dünya irs abidələrinə və təhsil sisteminə olan hücumlar pislənilib.

AZƏRTAC