UNESCO-nun
Digər xəbərlər

UNESCO-nun "ayrı-seçkilik" missiyası

Ermənistanın Qarabağda mədəni və tarixi abidələrimizi dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Əgər sadaladığımız tələblər münaqişə gedən və yaxud da silahlı münaqişələrə, müharibələrə məruz qalan ərazilərin müdafiəsi və qorunması zərurətindən yaranıbsa, onda adıçəkilən nüfuzlu təşkilatlar, xüsusən də UNESCO niyə bir dəfə də olsun Ermənistan tərəfindən məhv edilib, dağıdılan Azərbaycan abidələri ilə bağlı fikir, münasibət bildirməyib? Axı bu abidələrin bir çoxu elə dünya mədəniyyətinə, tarixinə aid edilən abidələrdir.

2022-ci il fevral ayının 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərilməsinə dair razılıq əldə olunmuşdur. Baxmayaraq ki, işğal dövründə də Azərbaycan dövləti erməni işğalı altında olan ərazilərdəki mədəni irsin qorunması üçün beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etmişdir. Lakin ötən 30 illik işğal dövründə beynəlxalq aləm, təşkilatlar susub və heç bir münasibət bildirməyib. Həmin dövrdə Ermənistanın razılığı olmadığı üçün UNESCO-nun nümayəndə heyəti Qarabağa gəlməmişdir. Hətta torpaqlarımız işğaldan azad olunandan sonra, Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-ya məsələ ilə bağlı etirazını bildirərək tərəf saxlamamağı məsləhət görmüşdür. Halbuki, işğaldan azad olunan ərazilərə faktaraşdırıcı missiya göndərmək UNESCO-nun vəzifə borcudur. Bu isə açıq şəkildə təşkilatın fəaliyyətsizliyinin və yaxud da ermənipərəst mövqeyinin göstəricisidir.

Məhz Ermənistanın Azərbaycana qarşı silahlı hücumu nəticəsində 30 il torpaqlarımız işğalda qalıb. Bu müddət ərzində ciddi ziyan görən sahələrdən biri də mədəni və tarixi abidələrimiz, məscidlərimiz olub. Ermənilər kənd və şəhərlərimizi dağıdıb talan etməklə bərabər, ərazidə olan çoxsaylı dini abidələrimizi, məscidlərimizi də dağıdıb və yaxud da təhqir ediblər. Onlar məscidlərimizi dağıtmaqla kifayətlənməyiblər. Bizim üçün müqəddəs məkan olan dini abidələri, məscidləri bilərəkdən təhqir edərək orada donuz saxlayıblar. Azərbaycan tarixinin önəmli bir hissəsini təşkil edən bu dini abidələr təkcə bizim üçün yox, eyni zamanda bütün müsəlman dünyası, həm də dünya mədəni irsi üçün önəmli abidələr siyahısındadır. Belə abidələrdən biri də dünyanın nadir mədəni sərvətlərindən olan Azıx mağarasıdır. Ermənilər bu mağaranı bir müddət silah anbarı kimi istifadə etdikdən sonra, xarici alimlərin iştirakı ilə orada qeyri-qanuni arxeoloji qazıntılar aparıblar. Əlbəttə ki, məqsədləri tarixi saxtalaşdırıb, abidəni özününküləşdirmək olub. Azərbaycan tarixinə məxsus Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. Ermənistan mağarada apardığı qanunsuz qazıntılar zamanı düşərgənin strategiyasını, planını tamamilə korlayıblar. Mədəni təbəqələri pozub, dağıntılar aparmaqla təkcə Azərbaycan deyil, həmçinin dünya arxeologiyasına, tarixinə böyük zərbə vurmuşdular. Beləcə, minlərlə Azərbaycan tarixi və mədəni abidələri ermənilər tərəfindən dağıdılıb, məhv edilib. Ancaq hələ də heç bir beynəlxalq təşkilat, xüsusən də UNESCO məsələ barədə münasibət bildirməyib. Baxmayaraq ki, son dövr dünyada olan tarixi abidələrin beynəlxalq səviyyədə qorunmasına, mühafizə olunmasına ciddi yanaşılır, ancaq Azərbaycanın işğal zamanı ziyan çəkən abidələrinə qarşı bir soyuqluq, laqeyd münasibət var.

Qeyd edək ki, UNESCO 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü olan memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünyamiqyaslı qeyri-hökumət təşkilatıdır. Onun müstəqil fəaliyyət göstərməsi əlbəttə ki, mövqeyinin də tərəfsiz olmasına dəlalət etməlidir. Lakin görünən odur ki, UNESCO məsələdə qeyri-peşəkarlıq göstərərək tərəfkeşlik edir və Ermənistana qarşı diqqət və qayğı ilə yanaşır. Onun bu erməni sevdası haradan qaynaqlanır, deyə bilmərik. Ancaq beynəlxalq təşkilatlar obyektiv və qərəzsiz fəaliyyət göstərsələr bu, onlar üçün daha məqsədəuyğun olardı. UNESCO-nun və digər beynəlxalq təşkilatların Azərbaycana, onun işğaldan azad olunmuş Qarabağ ərazisində olan milli-mədəni, tarixi abidələrinə qarşı soyuq münasibəti barədə ölkə başçısı İlham Əliyev dəfələrlə öz etirazını bildirmişdir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bildirib ki: "Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib".

Nəticədə, hələ ki, UNESCO-nun ölkəmizə, onun mədəni irsinə qarşı soyuq, etinasız münasibətini görürük. Bu isə onun fəaliyyətsizliyinə və yaxud da nizamnaməsinə uyğun olmayan tərəfkeşliyinə dəlalət edir. Çünki Ermənistan işğal dövründə Azərbaycanın ərazidə olan bütün mədəni, tarixi abidələrini qəsdən dağıdıb, yer üzündən silməyə çalışıb. Yəni proses bilərəkdən bu istiqamətdə aparılıb. Bunu isə beynəlxalq təşkilatlar, UNESCO çox gözəl bilir. Ancaq hələ də münasibət bildirmir və əraziyə faktaraşdırıcı missiya göndərmir. O zaman sual yaranır. UNESCO nəyi və yaxud da kimi qoruyur?...

Ramidə YAQUBQIZI,

"Respublika".