UNESCO fəaliyyətində obyektiv, tərəfsiz, ədalətli olmalıdır
Siyasət

UNESCO fəaliyyətində obyektiv, tərəfsiz, ədalətli olmalıdır

Qurum öz missiyasını müstəqil şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir

Azərbaycan Respublikası regionun iqtisadi, siyasi, hərbi gücünə görə lider dövlət kimi beynəlxalq təşkilatların fəal üzvü olmaqla dünyada özünəməxsus yer tutur. UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının müasir xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir. Ölkəmiz 20 ildən artıqdır ki, UNESCO ilə bütün prioritet sahələr üzrə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hər keçən gün daha da dərinləşir, inkişaf edir və beynəlxalq aləmdə çoxtərəfli əməkdaşlıqlara imkan yaradır. Bu səmərəli əməkdaşlığın arxasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi böyük inkişaf konsepsiyası dayanır.

Ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə dəvət etdiyi UNESCO missiyası ilə bağlı son dövrlər informasiya məkanında aparılan təhlillərdən aydın olur ki, Azərbaycan Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilmişdir. Ötən il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulamış və təşkilatı bu prosesi sürətləndirməyə çağırmışdır. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılmışdır.

 "Müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər, son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir". Bunu Prezident İlham Əliyev ötən il avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident-əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə, hələ işğal dövründə UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. …lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır".

 Rəsmi Bakı Azərbaycanın Qarabağ regionunun postmünaqişə dövründə bərpası məsələsində, o cümlədən regiona təşkilatın texniki missiyasının təşkili üçün UNESCO ilə əməkdaşlığa hazırdır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxışı zamanı bildirib ki, tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər. Ekspertlər deyir ki, UNESCO-nun indiyə qədər bölgəyə gəlib çıxmamasının başlıca səbəbi onun ermənipərəst mövqedə dayanmasıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı şərhində qeyd olunur ki, rəsmi Bakı qurumla əməkdaşlığa, qoşulduğu konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də, mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO çağırışlara laqeyd yanaşıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib. UNESCO tərəfindən Azərbaycan Respublikasının Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib.

 İşğaldan azad edilən Azərbaycan torpaqlarında mədəni irsin ilkin monitorinqinə başlanılıb və nəticələr UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Azərbaycan tərəfi ümid edir ki, monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq. Bir vacib məqamı xüsusi qeyd etmək lazımdır ki, indi Ermənistan adlandırılan və Azərbaycan türklərinin qədim ata-baba yurdu olan Qərbi Azərbaycan ərazisində minlərlə tarix, mədəniyyət, daşınan və daşınmaz irs nümunələrimiz olub ki, hazırda onların heç birindən əsər-əlamət qalmayıb. Keçən əsrin 80-ci illərinin sonlarında daşnak Ermənistan hökuməti tərəfindən sonuncu azərbaycanlılar da öz ata-baba yurdlarından didərgin salındıqdan sonra ermənilər abidələrimizə divan tutublar, alban-xristian dövrünün yadigarı olan məbədləri mənimsəyib, saxtalaşdıraraq erməniləşdiriblər. Qədim türklərə aid olan Abaran mahalı abidələri, Gərnibasar abidələri, Göyçə abidələri, Qırxbulaq mahalı abidələri, Loru mahalı abidələri, Şörəyel abidələri, Talin mahalı abidələri, Vedibasar abidələri, Zəngəzur abidələri, Zəngibasar abidələri erməni vandalizminə məruz qalıb. Tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri olub. Orta əsrlər və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adıçəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər. Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, movzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olmuşdur. İrəvan şəhərindəki Xan Sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilmişdir.

 Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti - Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onlar dağıdılaraq yer üzündən silinmişdir. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan Sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalmışdır ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi "fars məscidi", digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi" kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə "heç bir əhəmiyyət daşımadığı üçün" azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınmışdır. Erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıtmışlar. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçirmişlər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Özlərini dünyaya "qədim xalq", "mədəni xalq" kimi təqdim edən ermənilər həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq "nümunəsi" göstərmişlər.

 Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu hər zaman bəyan edir. UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir.

Mustafa KAMAL,

"Respublika".