UNESCO BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır
Siyasət

UNESCO BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır

Qurum xalqların mədəni irsinin dünyaya çatdırılması missiyasını yerinə yetirir

4 noyabr 1945-ci ildə Londonda 44 ölkənin nümayəndə heyətinin iştirak etdiyi konfransda nizamnaməsi qəbul edilən UNESCO İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə yaradılmışdır.   

BMT-nin İqtisadi və İctimai Şurasının ayrıca qolu olan UNESCO simvolik bir sözdür, mənası, "Təhsil, Elm və Mədəniyyət Təşkilatı" deməkdir. Nizamnaməsi 9 hissə, 57 maddədən ibarət olan UNESCO "Təhsil, Elm və Mədəniyyət Təşkilatı"nın ingiliscə qısaldılmış adıdır. UNESCO öz məqsədini proqramının birinci maddəsində belə açıqlayır: "UNESCO, beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə qurulmuşdur". UNESCO-nun mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO fəaliyyəti haqqında BMT-yə vaxtaşırı hesabat verir. Onun maliyyələşməsi, habelə texniki cəhətdən təmin olunması BMT-nin üzərinə düşür. Ancaq öz orqanları, büdcəsi və digər strukturları baxımından tamamilə müstəqildir. Bütün BMT-yə üzv dövlətlər, eyni zamanda UNESCO-nun da üzvü ola bilərlər. UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığı aradan qaldırmaq kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. Yeni nəslə sülh və insanlıq sevgisi vermək şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Cəhalət pis və qaranlıq düşüncələri bəslədiyi halda, mədəniyyət və elm insanlığa doğru yolu göstərir. Müharibə pis tərbiyə, despotizm və cahilliyin əsəridir. Dünyanı sülhə, insanları xoşbəxtliyə aparacaq yol, azadlıq, mədəniyyət və elm yoludur.

1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilib. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. Mərkəzi Parisdə yerləşən və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, üzv dövlətlərdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. Belə ki, UNESCO-ya üzv dövlətlər öz ölkələrində milli komissiyalar yaradırlar. Bu komissiyalar UNESCO-nun məqsədlərinə uyğun işlərin aparılması üçün hökumətlə lazımi əməkdaşlıq edirlər. Dünyada məktəb yaşında olan uşaqların yarısından çoxu müəllim azlığı səbəbindən təhsil almaqdan məhrumdurlar. UNESCO-nun bu sahədəki ilk addımı, Latın Amerikasında ibtidai təhsil üçün ixtisaslı müəllim kadrlarının hazırlanması və şagirdlərin məktəb və onun xaricində üzləşdikləri problemləri həll etmək olmuşdur. Müvəffəqiyyətlə icra olunan bu işin ardınca, həmin missiya Asiya və Afrikada da tətbiq olunaraq müsbət nəticələr əldə edilmişdir. UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizəsidir. Qurum hazırda beynəlxalq sənətkarlar və alimlərin qurduqları təşkilatları dəstəkləyərək, elmin və mədəniyyətin inkişafına kömək göstərir. Bu sahədəki ən mühüm işlər şərq-qərb mədəniyyət dəyərlərinin araşdırılması mövzusu üzərində qurulub.

Azərbaycan 1992-ci ildə iyunun 3-də UNESCO-ya üzv qəbul edilib. Bu nüfuzlu beynəlxalq qurum ölkəmizdə insan hüquqlarının, o cümlədən mədəni hüquqların və təhsil hüquqlarının qorunması, Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafı istiqamətində böyük səy göstərir. UNESCO ilə Azərbaycan arasında əlaqələrin təməlinin qoyulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri vardır. Ulu öndərin 1993-cü ilin dekabrında Fransaya rəsmi səfəri zamanı UNESCO-nun baş direktoru ilə görüşündə Azərbaycanla bu təşkilat arasında əlaqələri genişləndirməyin perspektivləri müzakirə olunub. Dünya xalqlarının ən möhtəşəm şifahi xalq ədəbiyyatı nümunələri ilə bir sırada duran, “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı Fərmandan sonra UNESCO Beynəlxalq Mədəniyyət Təşkilatı 1998-ci ili “Dədə Qorqud ili” elan etmişdir.

2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Bununla da, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atıldı. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilib. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. Respublikamızla UNESCO arasındakı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Azərbaycanın zəngin mədəniyyətinin və incəsənətinin inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu ideyalara göstərdiyi sadiqliyə görə Mehriban Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Ölkəmizdə uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNİSEF-in xüsusi mükafatına layiq görülmüşdür. Bakıda, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Mehriban Əliyeva xalqımızın tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız Qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin, muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Azərbaycan kəlağayı sənəti” Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Novruz bayramında  UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir,  Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla evsahibliyi edib.

Xalqların mədəniyyətinin dünyaya çatdırılması missiyasını yerinə yetirən nüfuzlu təşkilat olan UNESCO  vasitəsilə müxtəlif ölkələrin bir-biri ilə qarşılıqlı əməkdaşlığı, inteqrasiyası üçün geniş imkanlar yaradılır. Azərbaycanın UNESCO ilə təhsil, elm və mədəniyyət sahələrində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin dünya sivilizasiyasına inteqrasiyasında, milli mədəniyyətimizin təbliğində, ən əsası isə xalqımızın dünyada daha yaxından tanınmasında böyük rol oynayır. Bu qurum vasitəsilə həm də  qədim və zəngin milli mədəniyyətimiz beynəlxalq səviyyəyə çıxmaqla dünya mədəniyyətinin bir parçasına çevrilib. 

Mustafa KAMAL,

“Respublika”.