Ümumtürk həmrəyliyinin inkişafında müstəsna xidmətlər
Türk dünyası

Ümumtürk həmrəyliyinin inkişafında müstəsna xidmətlər

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb və bütöv türk dünyasında da dərin izlər buraxmışdır. Respublikamızın dövlət müstəqilliyinin qorunması, möhkəmlənməsi ilə yanaşı, xarici siyasətinin formalaşdırılması da məhz bu dahi şəxsiyyətin uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində mümkün olmuşdur. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi dərin tarixi köklərə malik türkdilli dövlətlər arasında sıx əlaqələrin qurulmasına, birliyin və dostluğun inkişafına hər zaman dəstək göstərib. Bunun nəticəsidir ki, Heydər Əliyev dühasının şöhrəti bütöv türk dünyasına da yayılıb. Bu gün onun adı türk toplumlarında hörmətlə anılır, ümumtürk həmrəyliyinin təmin olunmasında göstərdiyi misilsiz xidmətləri məmnunluqla xatırlanır.

Heydər Əliyev hakimiyyətinin birinci dövründə də Türkiyə və türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsinə böyük önəm vermişdir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra da bu siyasət davam etdirildi. Heydər Əliyevin 1993-cü ilin iyununda ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri də türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması idi. 1993-cü il iyunun 15-də Ali Sovetdə proqram xarakterli çıxışında Heydər Əliyev qeyd etmişdir: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz. Əksinə, inkişaf etdirmək lazımdır".

Ümummilli lider Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu siyasətin nəticəsi olaraq 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Onun Azərbaycan Prezidenti olaraq xarici ölkələrə ilk səfərlərindən biri məhz Türkiyəyə oldu. Ümumilikdə Heydər Əliyevin Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfəri xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin fərqli olduğunun bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan və türk xalqları arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: "Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrdən-əsrə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə "Türkiyənin dövlət nişanı" ilə təltif olunması, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı", bu ölkənin bir çox universitetlərinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir. 1999-cu ildə Heydər Əliyevin "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülməsi tarixi baxımdan çox böyük əhəmiyyətə malik hadisədir. Bu mükafatın Azərbaycan tarixinin görkəmli şəxsiyyətinə, zəmanəmizin dahi siyasətçisinə verilməsinin böyük rəmzi mənası vardır. Ulu öndər Azərbaycan Respublikasının Orta Asiyanın türkdilli dövlətləri ilə sıx əməkdaşlığını da daim prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan respublikaları ilə münasibətləri normal deyildi. Məhz Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində ikitərəfli münasibətlərdəki soyuqluq aradan qaldırıldı və Orta Asiyanın türk dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. Heydər Əliyevin TDƏŞ, TÜRKSOY və TürkPA kimi türk xalqlarını birləşdirən beynəlxalq təşkilatların yaranması üçün apardığı işlər az bir zamanda onu türk dünyasının dahi liderinə çevirdi. O, türkdilli dövlətlərin başçılarının zirvə görüşlərini keçirməyin zəruri və faydalı olduğunu dəyərləndirərək demişdi: "Mən Türkdilli dövlətlər birliyinə daxil olan Azərbaycan Respublikası adından onu demək istəyirəm ki, bu birlik lazımdır. Biz bu birliyi yaşatmalıyıq".

Ulu öndər Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətlərinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Heydər Əliyev Türkdilli ölkələrin dövlət başçılarının VI zirvə görüşündə çıxış edərkən demişdir: "Bu gün toplaşdığımız VI Bakı zirvə görüşü bir daha təsdiq edir ki, xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə müştərək mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin bərpası yolunda gözəl nəticələr vermiş və gələcək üçün yeni perspektivlər açmışdır. Bu baxımdan mühüm addımlardan biri kimi xalqlarımızın milli-mədəni irsinin öyrənilməsi və əlaqələndirilməsi məqsədilə TÜRKSOY təşkilatının yaradılmasını çox uğurlu hadisə hesab edirəm".

"Onun təşəbbüskarı, müəllifi olduğu regional layihələr türk xalqlarının yaşadığı geniş coğrafiyada uzunmuddətli inkişaf və əməkdaşlığa meydan açdı. Dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dünyası ilə qarşılıqlı əlaqələri uğurla davam və inkişaf etdirməkdədir. Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ideyaları bu gün də Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir.

Könül EYVAZOVA,

Şamaxı rayonu Heydər Əliyev

Mərkəzinin direktoru.