Ümummilli liderin zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir
Siyasət

Ümummilli liderin zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Belə ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun misilsiz xidmətləri sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu yerə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu özünün müstəqilliyilə fərqlənir. Bu siyasət yalnız Azərbaycan xalqının maraqları üzərində, xalqın firavan gələcəyi naminə həyata keçirilib, dünyada gedən mürəkkəb proseslər fonunda təsdiqini tapıb. Heydər Əliyev bütün fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, nadir rəhbərlik keyfiyyətləri, güclü iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə ümummilli lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur. O, fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük vətənpərvər idi.

Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər keçmiş İttifaq dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf yoluna çıxarılmasında böyük xidmətləri olmuşdur. 1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın gündən-günə dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənində milli vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyinin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir.

Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun təkidi və xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək milli dövlətçiliyin xilaskarına çevrilmişdir. Sonrakı 10 il müddətində - 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsasları yaradılmış, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuşdur.

Heydər Əliyev güclü şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində idi. Qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətinə, müdrikliyə, ən böyük siyasətçi keyfiyyətlərinə, həmsöhbətinə təsir etmək gücünə malik idi. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmasının əsl nümunəsinə çevrilmişdir. Ulu öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bir qərinəyə qədər dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir müstəqil dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan xalqı qarşısında dayanan əsas vəzifələrdəndir. Ona görə də Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında ulu öndərin özünəməxsus yeri olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edənlər bu irsin bütün çalarlarını üzə çıxarmaqla yanaşı, həm də bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.

Mustafa KAMAL,

"Respublika".