Ümummilli Liderin irsi Azərbaycan xalqının milli sərvətidir
Siyasət

Ümummilli Liderin irsi Azərbaycan xalqının milli sərvətidir

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərinin geniş təhlilinə, bu irsin Azərbaycan xalqının milli sərvəti olduğunu əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Bu baxımdan, ölkə başçısının Sərəncamı ilə təsdiqlənən "Heydər Əliyev İli" ilə bağlı Tədbirlər Planında əksini tapan 18 müddəanın hər biri dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha geniş miqyasda təbliğinə bir çağırışdır.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyev irsinin, onun ideyalarının nəticəsini daha aydın görürük. Ulu öndər xilaskarlıq missiyasını hakimiyyətinin hər iki dövründə müxtəlif formalarda reallığa çevirdi. Belə ki, ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycan keçmiş ittifaqın ən geridə qalmış respublikaları sırasında idi. İqtisadiyyat inkişaf etmirdi, sənaye istehsalı çox aşağı səviyyədə idi. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülmürdü. Azərbaycanı daim yüksəklərdə, qüdrətli ölkə kimi görmək istəyi dahi şəxsiyyətin o illərdə gördüyü işlərdə özünün aydın ifadəsini tapmışdı. Məhz Ümummilli liderin fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxa bildi. Əgər o dövrdə iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illəri hesab olunur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı da respublikamız üçün mühüm tarixi hadisədir. Müstəqilliyin ilk illərində ölkəyə idarəçilik təcrübəsi olmayan, səriştəsiz, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran hökm sürür, torpaqlarımız bir-birinin ardınca işğal edilirdi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Belə bir çətin zamanda ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü ildə ümummilli liderin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizi böyük bəlalardan xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətin nəticəsi idi. Azərbaycan beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Ulu öndər qlobal enerji və nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Ümummilli lider demişdir: "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir".

Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasında, torpaqlarımızın işğalının qarşısının alınmasında, eyni zamanda digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı. Ulu öndər hər bir ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür. Məhz ulu öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüdrəti artdı, həm də etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən zamana diqqət yetirsək, ölkə iqtisadiyyatının böyük inkişaf yolu keçdiyini qürur hissi ilə qeyd edə bilərik. Ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyəgəlməzdir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülən işlərin hesabatı kimi dəyərləndirilir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləyir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu günbəgün artır.

Ulu öndərin həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi qeyd etmək gərəkdir. O dövrdə müstəqilliyini yenicə bərpa etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" söyləyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Ulu öndər yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi. Bu tarixi günlərdə ulu öndər Heydər Əliyev demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar təsis edildi. İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azad mətbuat yaradıldı. Çoxpartiyalı sistem formalaşdırıldı. Seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi təmin edildi. Azərbaycan 2001-ci ildə dünyanın nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədi. Təbii ki, ölkəmizin bu mötəbər quruma gedən yolu heç də asan olmadı. Azərbaycana qarşı nə qədər təzyiqlər göstərildi, quruma üzv qəbul olunmasına maneələr törədildi. Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu maneələri dəf etdi və 2001-ci il 17 yanvar tarixində Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı qərar qəbul olundu. Yanvarın 25-də bu mötəbər qurumun qarşısında Azərbaycan Bayrağı dalğalandı. Bu, Azərbaycanın dünyaya təqdimatında ən mühüm addımlardan biri oldu. Bu hadisəni ulu öndər yüksək qiymətləndirərək bildirmişdir ki, ölkəmizin Avropa Şurasına qəbul edilməsi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra ordunun formalaşdırılması daha da sürətləndi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Nizami ordu yaradıldı, maddi-texniki bazası möhkəmləndirildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında da öz sözünü dedi. Belə ki, əməkdaşlıqda maraqlı olan dövlətlər hər zaman digər ölkədə sabitliyin, təhlükəsizliyin təminatına xüsusi diqqət göstərir. Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan, 1994-cü il mayın 4-də ulu öndər Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır.

Ümummilli liderin bütün xidmətlərinin əsasında dövlətə, xalqa, Vətənə bağlılığı dayanırdı. Onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, fəaliyyətinin Naxçıvan mərhələsi azərbaycançılıq ideologiyasının inkişafı və təbliği ilə zəngindir. Hakimiyyətinin hələ birinci dövründə Azərbaycan dilinə diqqətin artırılması istiqamətində atdığı addımlara nəzər salmaq kifayətdir. Ümummilli lider demişdir: "Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir". Onun qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilən Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması barədə 73-cü maddə əlavə edildi. Dahi şəxsiyyət həmin dövrü belə xatırlayırdı: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur… Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamıza yazmalıyıq və yazacağıq". Göründüyü kimi, hələ o illərdə ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının təbliğini prioritet məsələ kimi qarşısına qoymuşdur və atılan hər bir addım milli dirçəliş prosesini daha da sürətləndirdi.

Ümummilli liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Çünki bu xidmətləri ulu öndər 2003-cü ildə xalqına növbəti inamın ünvanını göstərməklə daha da zənginləşdirdi, yeni-yeni hədəflərə yol açdı, ən əsası Heydər Əliyev yolunun davamlılığını təmin etdi. Bu yol Azərbaycanı inkişafa, tərəqqiyə imkan yaratdı. Bu yol Azərbaycanın qalib ölkə kimi dünyaya təqdimatına imkan yaratdı. Ulu öndər canından artıq sevdiyi Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları Onun xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracağına əminliyini ifadə etdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinə səs verərək cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatlar kursu uğurla davam etdirilir. Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini və yaratdığı reallıqları yaşayırıq. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu bir daha özünü təsdiqləyir. Əksər dünya gücləri mövcud reallıqları qəbul edir, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə təklif etdiyi sülh müqaviləsini dəstəkləyir, səylərini əsirgəməyəcəklərini bildirirlər. Yeni reallıqlar fonunda azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri Böyük Qayıdışın reallığa çevriləcəyi günü yaxınlaşdırır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaq! Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir: "Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı.