Ümummilli Liderin aqrar sahənin inkişafındakı müstəsna xidmətləri
İQTİSADİYYAT

Ümummilli Liderin aqrar sahənin inkişafındakı müstəsna xidmətləri

Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 36,3 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, aqrar sektorun inkişaf etdirilməsinin sosial baxımdan ciddi önəm kəsb etdiyini söyləmək olar. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir.

Azərbaycanda aqrar sahənin inkişafında Heydər Əliyevin rolunu qiymətləndirmək üçün ilk növbədə keçən əsrin 70-ci illərinə qədər kənd təsərrüfatının vəziyyətinə nəzər yetirmək gərəkdir. Həmin dövrdə ölkə istehsal səviyyəsinə görə SSRİ-də ən geridə qalan respublikalardan biri idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmurdu, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi, elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi.

Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalında böyük artıma nail olundu. 1975-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manat səviyyəsini aşaraq 1 milyard 572 milyon manata çatdı, yəni 57 faiz artıma nail olundu. 1976-cı ildə dənli və dənli paxlalı bitkilər, üzüm, pambıq, tərəvəz, çay və kartof istehsalı 1969-cu illə müqayisədə müvafiq olaraq 106,4, 181,0, 77,5, 113,2, 50,0, 42,5 faiz artmışdır.

Bitkiçilik məhsullarının istehsalı ilə yanaşı, heyvandarlıq sektorunda da inkişaf və canlanma baş verdi. Həmin dövrdə ət istehsalı 93,2 min tondan 115,0 min tona (artım 23,3%), süd istehsalı 425, 4 min tondan 666,5 min tona (artım 56,6%), yumurta istehsalı 356,5 milyon ədəddən 573,5 milyon ədədə (artım 60,8%), yun istehsalı 7,0 min tondan 9,9 min tona (artım 41,4%), barama istehsalı isə 3,6 min tondan 4,9 min tona (artım 36,12%) çatdırıldı. Həmin illərdə kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımı məhsulun emalı üçün zəmin yaratdı və sənaye əsaslı emalın təşkil edilməsini ön plana çəkdi.

Heydər Əliyevin möhkəm iradəsi, cəsarətli mövqeyi və təkidi ilə Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi və həmin qərardan irəli gələn vəzifələrin planlı və ardıcıl surətdə həyata keçirilməsi aqrar sahənin inkişafının təməlini qoydu. Kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynayan yardımçı sahələrin Heydər Əliyevin rəhbərliyi dövründə yaranmasını və inkişaf etməsini qeyd etməmək düzgün olmazdı. Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.

Kənd təsərrüfatının inkişafının yeni, daha intensiv inkişaf mərhələsi Heydər Əliyevin hakimiyyətə gəlişinin ikinci dövrünə təsadüf edir. Ölkənin üzləşdiyi olduqca çox ağır, ictimai və siyasi şəraitdə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev kənd təsərrüfatını yaranmış ağır böhrandan çıxarmaq üçün torpaq islahatının aparılmasını təklif etdi. O, torpaq islahatına birdəfəlik kampaniya deyil, həssas bir proses kimi yanaşırdı. 1996-cı ildə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı. Ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi.

90-cı illərə qədər kənd təsərrüfatı tədqiqat sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin aqrar sahədə əməkdaşlıq etdiyi təşkilatların coğrafiyası demək olar ki, keçmiş Sovet məkanı ilə məhdudlaşırdı. Beynəlxalq elmi mərkəzlərlə əməkdaşlığın səviyyəsi ya çox aşağı, yaxud da yox dərəcəsində idi. Aparılmış torpaq islahatları nəticəsində torpaq payı almış və yenicə sahibkara çevrilmiş fermerlərin əksəriyyəti təsərrüfatın idarə edilməsi, kənd təsərrüfatı bitkilərinin becərilməsi, heyvan yetişdirilməsi barədə kifayət qədər bilik və vərdişlərə malik deyildilər. Xüsusilə də aqrotexnika, istehsalın planlaşdırılması və təşkili, marketinq sahələrində maariflənmə və informasiyaya ciddi ehtiyac var idi. Yaranmış boşluğu aradan qaldırmaq üçün beynəlxalq təcrübənin öyrənilməsinə, tədqiqat nəticələrinin yerli şəraitə uyğunlaşdırılmasına və tədqiqinə zərurət duyulurdu. Məhz ulu öndərin ölkədə ikinci dəfə hakimiyyəti dövründə kənd təsərrüfatı tədqiqat sistemi ilə beynəlxalq elm mərkəzləri arasında əməkdaşlıq əlaqələri yaranmağa başladı. Qısa müddət ərzində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Elm Mərkəzi ilə CGİAR (Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət Qrupu) sisteminə daxil olan 15 beynəlxalq elmi mərkəzin əksəriyyəti ilə (fəaliyyət sahəsi Azərbaycanın torpaq iqlim şəraitinə uyğun bitkiləri və heyvanları nəzərə alınmaqla) əməkdaşlıq əlaqələri yarandı.

1998-ci ildə Azərbaycan CGİAR-ın "Mərkəzi Asiya və Cənubi Qafqazda Kənd Təsərrüfatının Davamlı İnkişafı Proqramı"na qoşuldu. Proqramda CGİAR sisteminə daxil olan 8 beynəlxalq mərkəz və 8 ölkə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Ermənistan) iştirak edirdi. Qeyd etmək lazımdır ki, Suriyada baş verən münaqişələrə qədər bu proqram fəaliyyətdə olub. Proqram çərçivəsində Əkinçilik ET İnstitutunun gənc elmi əməkdaşları CİMMYT-də, İCARDA-da, İCRİSAT-da elmin müasir sahələri, o cümlədən molekulyar biologiya, gen mühəndisliyi, toxuma kulturası, bitki mühafizəsi və s. üzrə uzunmüddətli və qısamüddətli hazırlıq kurslarında iştirak edərək ixtisaslarını artırıblar. Yaradılmış əməkdaşlıq nəticəsində beynəlxalq elmi mərkəzlərdən hər il özündə arzuolunan əlamətləri daşıyan minlərlə bitki sort-nümunəsi və xətləri introduksiya edilmiş və nəticədə daha məhsuldar, stress faktorlarına davamlı bitki sortları yaradılmışdır. Hazırda ölkədə buğda əkin sahəsinin təxminən 70-75%-ni həmin sortlar təşkil edir.

Əldə edilmiş nəticələrin, qazanılmış bilik və bacarıqların fermerlər arasında geniş yayılmasına nail olmaq üçün 2000-ci ildə Dünya Bankının ayırdığı kredit vəsaiti hesabına "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" layihəsinin həyata keçirilməsinə başlanıldı. Layihə özündə aşağıdakı komponentləri birləşdirib: Daşınmaz Əmlakın Qeydiyyatı; İnformasiya və Məsləhət Xidməti; Kənd Maliyyə Xidməti; Kənd Təsərrüfatı Strategiyası; və  Layihənin idarə edilməsi. Bundan əlavə, İnformasiya Məsləhət Xidməti komponenti çərçivəsində "Müsabiqəli qrant proqramı və elmi sistemin islahatı" və "Baytarlıq xidməti" subkomponentləri fəaliyyət göstərib.

Daşınmaz Əmlakın Qeydiyyatı komponenti çərçivəsində 10 Regional Torpaq Qeydiyyatı mərkəzləri yaradılmış, fiziki və hüquqi şəxslərin torpaqla bağlı həyata keçirdikləri: torpağın icarəyə verilməsi, girov qoyulması, dəyişdirilməsi, bağışlanması, vərəsəlik qaydasında verilməsi, alqı-satqısı və sair kimi əqdlərə hüquqi sənədlərin verilməsi qanunamüvafiq olaraq təmin edilmişdir.

İnformasiya və Məsləhət Xidmətləri komponenti çərçivəsində 10 Regional Məsləhət Mərkəzi (5-i dövlət əsaslı, 5-i isə özəl əsaslı) yaradılmış və həmin mərkəzlər tərəfindən torpaq mülkiyyətçilərinə onların ehtiyacları əsasında məsləhət xidmətinin göstərilməsi üçün kənd məsləhət xidməti məntəqələri yaradılmış, məsləhət xidməti göstərilmişdir.

Müsabiqəli Qrant Proqramı və Elmi Sistemin İslahatı subkomponenti çərçivəsində 1-ci fazada 52 layihə, 2-ci fazada isə 39 layihə Kənd Təsərrüfatı Tədqiqatları Şurası tərəfindən bəyənilərək təsdiq olunmuş və Dünya Bankı tərəfindən maliyyələşdirilməsinə razılıq verildikdən sonra həyata keçirilmişdir.

Baytarlıq xidməti subkomponenti çərçivəsində Fərdi Ərazi Baytarlıq Məntəqəsi (FƏBM) yaradılmış və baytarlıq mütəxəssisləri müsabiqə yolu ilə işə qəbul olunmuşdur. FƏBM-lərin maddi-texniki bazasının gücləndirilməsi, onların işlərinin səmərəliliyinin artırılması üçün dezinfeksiya avtomobilləri və avtorefrejirator, həmçinin baytarlıq avadanlıqları və dərmanlarla təmin edilmişdir.

Kənd Maliyyə Komponenti çərçivəsində birgə borclular qrupu yaradılması ilə heç bir girov qoyulmadan fermerlərə kreditlərin verilməsi mexanizmi işə düşmüşdür. Bu mexanizm vasitəsilə minlərlə kiçik fermer k/t kreditlərinə çıxış imkanı əldə etmişdir.

Kənd Təsərrüfatı Strategiyası Komponenti çərçivəsində "Azərbaycanın Kənd Təsərrüfatı Strategiya və Siyasəti" adlı sənəd hazırlanaraq istifadə üçün hökumətə tövsiyə edilmişdir.

Bütün bunlarla yanaşı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin aqrar bölməsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezident tərəfindən aqrar islahatların ikinci mərhələsində ölkənin kənd təsərrüfatının prioritetləri müəyyən edilmiş, onun əsas müddəaları Azərbaycan Respublikası Prezidentinin bu sahəyə aid fərmanlarında, həmçinin ayrı-ayrı rayonların sosial-iqtisadi inkişaf proqramlarında öz dolğun əksini tapmışdır.

Faiq XUDAYEV,

Əkinçilik ET İnstitutunun direktoru.