Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
Diaspora

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə

İspaniya

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Madriddə təntənəli şəkildə qeyd edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, İspaniya hökumətinin yüksək vəzifəli rəsmiləri və parlamentinin üzvləri, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbər şəxsləri, səfirlər, eləcə də bir sıra beyin mərkəzləri və akademik dairələrdən olan gənc tədqiqatçılar, mədəniyyət xadimləri, media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ölkəmizin İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri Ramiz Həsənov çıxışında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən mürəkkəb vaxtlarında onu tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmasından, dahi şəxsiyyətin fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından söz açan səfir 1991-1993-cü illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, habelə Azərbaycanda iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü qeyd edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında xalqın tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə yenidən gəldiyini, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq Azərbaycanın müstəqilliyini əbədi etdiyini bildirib.

Diplomat qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkə tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Məhz Ulu Öndərin prezidentliyi dövründə güclü, müstəqil və demokratik dövlət quruculuğunu, beynəlxalq əlaqələrin qurulmasını və Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını özündə əks etdirən milli inkişaf strategiyası hazırlanıb.

Ümummilli Liderin müdrik dövlət xadimi kimi müasir dünya tarixində parlaq və silinməz iz qoyduğunu deyən səfir Heydər Əliyevin strateji baxışı və uzaqgörən siyasətinin nəticəsində Azərbaycanın dünya iqtisadi sisteminə qoşulması və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi üçün şəraitin yarandığını əlavə edib. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan "Əsrin müqaviləsi" sazişinin gerçəkləşməsi, beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması və Azərbaycanın təşəbbüsü ilə başladılan meqalayihələrin sayəsində Azərbaycan Avropanın enerji təchizatı xəritəsinin yenidən qurulmasında əhəmiyyətli rol alıb və Avropanın enerji təhlükəsizliyi və şaxələndirilmiş enerji marşrutlarına mühüm töhfələr verib.

Səfir, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən, işğal olunmuş əzəli torpaqlarımızın sülh yolu ilə geri qaytarılması üçün apardığı xarici siyasət kursundan bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Qarabağın işğaldan azad edilməsi və məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli şəkildə qayıtması üçün təminatların yaradılması məsələsini Azərbaycanın prioriteti hesab edərək ölkənin bütün resurslarını tarixi ədalətin bərpası üçün səfərbər edib.

Bildirilib ki, Heydər Əliyev irsi qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub, Azərbaycan xalqı Ümummilli Liderin xatirəsini əbədi olaraq əziz və uca tutacaq. Ulu Öndərin uzaqgörən yanaşması, xarici təhlükə və təhdidlərdən qoruması sayəsində bu gün Azərbaycan sabitlik diyarına çevrilib. Onun müdrik siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub.

Səfir, həmçinin qeyd edib ki, Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasına hər zaman inanıb və məcburi köçkünlərin öz yurd-yuvalarına layiqli şəkildə qayıtması onun ən ümdə arzusu olub. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Üçrəngli Bayrağımız Azərbaycan torpaqlarında, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində yenidən şərəflə və qürurla dalğalanır.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir musiqi sahəsində Avropanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Kraliça Sofiya Musiqi Məktəbinin görkəmli məzunlarının - azərbaycanlı Kamran Ömərli (skripka) və ukraynalı Vadim Qladkovun (fortepiano) ifasında Azərbaycan və klassik Avropa musiqisinin möhtəşəm nümunələrindən ibarət konsert proqramı ilə davam edib.

 

Kolumbiya

Amerika qitəsindəki bütün ölkələrdə yayımlanan Kolumbiyanın aparıcı xəbər telekanalı "NTN24"də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş süjet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilib.

Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfər qazanaraq erməni işğalına son qoyub. Böyük dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və gələcəyə hesablanmış siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev siyasi kursu 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Süjetdə, həmçinin bölgədə reallaşan qlobal miqyaslı layihələrin təşəbbüskarı olan Azərbaycanın beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi etdiyinə diqqət çəkilib. Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad etdiyi və ölkənin nadir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzinin müasir müstəqil Azərbaycanın banisi Ulu Öndərin adını daşıdığı bildirilib.