Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Digər xəbərlər

Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 7-də Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdıran nazir Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğunu qeyd edib. Xarici işlər naziri, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində turizm sahəsində imkanlar barədə qarşı tərəfə məlumat verib.

ÜTT-nin Baş katibi Zurab Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC