Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında səmərəli və effektiv əlaqələrin qurulmasına zəmin yaradır
Mədəniyyət

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında səmərəli və effektiv əlaqələrin qurulmasına zəmin yaradır

Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. Hazırda Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi, iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.

Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulmasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm rola malikdir. Bunu indiyədək keçirilən forumların nəticələri də təsdiq edir. Bu işdə Azərbaycanın rolu isə danılmazdır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə “Bakı Prosesi”nə start verilməsi sonrakı dövrlərdə bu istiqamətdə fəaliyyətin başlanğıcı oldu. Bu təşəbbüsün əsasında isə ölkəmizin ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 2008-ci il dekabrın 2-3-də Azərbaycanın təşəbbüsü ilə ilk dəfə İslam dövlətlərinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən konfransda qəbul edilən “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə yenə də Azərbaycanın təşəbbüsü ilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin IV konfransında 10-dan çox Avropa dövləti də iştirak etdi. Nəhayət, “Bakı Prosesi” 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı.

Sonra ardıcıl olaraq 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci illərdə keçirilən I, II, III, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində reallaşdırılan layihələr bir daha onu göstərdi ki, mədəniyyət bütün müstəvilərdə bəşəriyyətin həmrəyliyini təmin edən ən ümdə amildir.

2017-ci il 4-6 may tarixlərində Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESKO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

Forumda 120-dək ölkənin rəsmisi, 39 beynəlxalq təşkilatın, 50-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri qeydiyyatdan keçmiş, ümumiyyətlə 800-dən çox xarici nümayəndə iştirak etmişdi. Ümumilikdə forum çərçivəsində 40-dək sessiya və tədbir təşkil olunmuşdu.

Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda plenar sessiya keçirildi.

Milli Məclisin sabiq sədr müavini Ziyafət Əsgərov sessiyada çıxış edərək bildirmişdir ki, təqribən 25 il bundan əvvəl siyasi fikirdə belə bir konsepsiya irəli sürülüb: “Soyuq müharibə başa çatdıqdan sonra planetin siyasi xəritəsinin “birinci”, “ikinci” və “üçüncü” dünya ölkələrinə bölünməsi artıq öz mənasını itirib. Müasir dünya siyasi, ideoloji və hərbi ayırma xətləri tutub. Bundan sonra qlobal siyasətlə bağlı ən böyük münaqişələr müxtəlif sivilizasiyalara mənsub olan millətlər və qruplar arasında cərəyan edəcək. Sivilizasiyaların toqquşması, İslam dünyası ilə Qərb dünyasının qarşıdurması, dünya siyasətinin üstün amilinə çevriləcək”.

Həmçinin vurğulanıb ki, Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi təqdim edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olub və bu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb.

Azərbaycan həmişə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına kömək göstərib və bundan sonra da kömək göstərəcək. Göstərilən səylər, o cümlədən bu gün iştirak etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq. Elə bir dünya ki, orada həm hər bir xalq və dövlət sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək, öz mədəni sərvətini artırmaq yolu ilə ümumdünya mədəniyyətini zənginləşdirmək, bəşər sivilizasiyasını daha da irəliyə aparmaq imkanına malik olacaq.

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə etmiş, öz ölkəsi haqqında məlumat vermiş, müxtəlif dinlərə, irqlərə məxsus insanların yaşadığı Cibutidə müxtəlif millətlərin bir yerdə dinc şəraitdə yaşaya bilməsində parlament, dövlət və hökumət qurumlarının rolundan danışmışdır. Qeyd etmişdir ki, parlamentlər mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rola malikdirlər. Bizim məsuliyyətimiz də imkanlarımızdan az deyil. Bu cür məsələlərdə ictimai rəyə əsaslanmalıyıq, həmçinin biz parlament üzvləri olaraq seçicilərimizi diqqətdə saxlamalıyıq. Parlament üzvləri olaraq mədəniyyətlərarası dialoqda öz rolumuzu tamamilə dərk etməliyik. Əcdadlarımızdan bizə qalan tolerantlığı, dözümlülüyü qoruyub saxlamalı və bu istiqamətdə səylərimizi əsirgəməməliyik. Müxtəlif ölkələri təmsil etsək də mədəniyyətlərarası dialoqa önəm verməliyik, çünki mədəniyyətlərarası dialoq xüsusilə parlament səviyyəsində önəmli olan bir məsələdir. Buna görə də həmin əlaqələri gücləndirmək, əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək hər bir ölkəyə müsbət təsir edəcək böyük bir amildir.

Çexiya Deputatları Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət kəsb edən və yerində seçilmiş mövzudur. Sivilizasiyalar arasında mədəni körpülərin qurulması terrorizmin, ksenofobiyanın yarandığı bir vaxtda yeni düşüncələr üçün mühüm əsas yaradır. Hər bir dövlətdə qəbul edilən qanunun universal dili var. Yəni bu, o deməkdir ki, biz qanunlara riayət edərək istənilən bir ölkədə yaşaya bilərik. Cəmiyyəti birləşdirən qanundan sonra ikinci yerdə duran əsas prinsip isə demokratiyadır. Demokratik qaydalarda hökumətlərarası müqavilələr, dövlət başçılarının qərarları, parlamentlər tərəfindən qəbul edilən qanunlar öz əksini tapır. Bu, bizlərdə böyük bir məsuliyyət yaradır ki, bu mövqeyə düzgün riayət edək. Biz seçicilərimiz tərəfindən kifayət qədər səlahiyyətlər almışıq, ona görə də bundan səmərəli şəkildə istifadə etməliyik. Biz təkcə hökumət problemlərini həll etmirik, mədəniyyətimizi, bizi bir araya gətirən dəyərləri araşdırırıq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var.

Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Abbasi bildirdi ki, mədəniyyətlərarası dialoqla bağlı sessiyada iştirak etmək onun üçün çox önəmlidir. “Biz öz fəaliyyətimizdə mədəniyyətlərarası dialoq yaratmağa çalışırıq. Çünki əməkdaşlıq etmək hər bir ölkəyə müsbət təsir göstərir. Bu gün dünyada ədalətsiz qüvvələr mövcuddur, terrorçuluq baş alıb gedir və bütün bunlar dövlətlərə, parlamentlərə mənfi təsir göstərir, parlamentlərin rolu mədəniyyətlərarası dialoqun genişləndirilməsindən ibarət olmalıdır. Biz bir-birimizin fikirləri ilə razılaşmasaq da, ən azı bir-birimizi dinləməyi bacarmalıyıq. Mədəniyyətlərarası dialoq ölkələrdə demokratiyanın inkişafını gücləndirə bilər. Buna görə də mədəni körpülərin qurulmasında öz rolumuzu əsirgəməməliyik. Bu, parlamentlər üçün vacib məqamlardan biridir. Əməkdaşlıqlar və qarşılıqlı anlaşmalar bəşəriyyətimizi xilas edəcək əsas amillərdir.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Zahidə Mənsur vurğulayıb ki, qarşılıqlı ehtiram və dözümlülük dünyanı xilas edəcək vacib dəyərlərdir. Azərbaycanın gözəl mədəniyyətə sahib olduğunu deyən Lordlar Palatasının üzvü qeyd edib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya üçün çox vacib tədbirdir. “Bizlər mədəniyyətlər arasında körpülər qururuq. Parlamentlər isə bu körpülərin yaranmasında nümunəvi rol oynamalıdırlar...”.

ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer dialoqun əhəmiyyətindən danışaraq demişdir ki, ölkələr arasında mədəni körpülərin qurulması dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına şərait yarada bilər. Baş verən ədalətsizliklər dünyanın hansı hissəsində olursa-olsun, bütün dövlətlərin narazılığına səbəb olmalıdır. Öz ədalətləri naminə vuruşan insanlar əgər xalqın mənafeyini də güdürsə, o zaman hər bir dövlət bu ədalətsizliyin qarşısını mütləq şəkildə almalı, o insanlara kömək olmalıdır.

Azərbaycandakı yüksək səviyyəli tolerantlıqdan danışan R.M.Şnayer vurğulayıb ki, Azərbaycan müsəlman aləmində bir modeldir və digər ölkələrə nümunədir. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqu özündə əks etdirən güclü bir dövlətdir. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dövlətlərlə yanaşı, Amerika üçün də bir nümunədir.

Dünya ölkələri ilə birgə əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən biri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda baş tutan YUNESKO-nun Dünyada Savadlanmanın dəstəklənməsi üzrə Regional Konfransı olmuşdur. Mehriban Əliyeva çıxış edərək demişdir ki: “Ümidvaram ki, dünya üzrə qlobal savadlanmaya dəstək məqsədilə keçirilən digər regional konfranslar kimi, bugünkü konfrans da təhsil sahəsində strateji əhəmiyyəti olan proqram və layihələrin həyata keçirilməsinə öz layiqli töhfəsini verəcək, konfransda iştirak edən bütün dövlətlər arasında tərəfdaşlığın bərqərar olmasına, təhsil sahəsində yeni metodların tətbiqinə yardım göstərəcək. Bu konfrans 2005-ci ildə “Azərbaycan - YUNESKO: gələcəyə körpü” mövzusunda keçirilən konfransda müzakirə olunmuş ideyaların daha da inkişaf etdirilməsinə, o cümlədən qaçqın və məcburi köçkünlərin təhsili kimi mühüm problemlərin həllinə kömək edəcəkdir.

Mədəniyyətlərarası dialoq forumları dünyada sülhün qorunmasına xidmət edir və müxtəlif mövzulara görə yadda qalır. Bu mənada III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da fərqli olmuşdu. Bakıda Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində 2015-ci il mayın 17-də “Sülh ağacı” abidəsinin açılışı o zaman bütün dünyada əks-səda doğurmuşdu. Abidənin açılışını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru İrina Bokova və “Sülh ağacı”nın müəllifi Hedva Ser etmişdi.

“Sülh ağacı” YUNESKO-nun tolerantlıq, sülh simvolu olduğu kimi, eyni zamanda xalqlar arasında anlaşma rəmzi kimi də qəbul edilir.

Zümrüd QURBANQIZI,

“Respublika”.