Umud Mirzəyev: Amnistiya Aktı cəmiyyətimizdə insanların həmrəyliyinə müsbət təsir edəcək addımdır
MÜSAHİBƏLƏR

Umud Mirzəyev: Amnistiya Aktı cəmiyyətimizdə insanların həmrəyliyinə müsbət təsir edəcək addımdır

A zərbaycan Prezidenti İlham Əliyevin imzası ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi Milli Məclisə daxil olub. Məlumata görə, qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Parlamentdən verilən məlumatda qeyd edilir ki, Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək. Layihədə o da vurğulanır ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir. Amnistiya Aktı Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında, Xocalı qətliamında həlak olmuş və itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil ediləcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

Bu Amnistiya Aktı layihəsinin böyük Qələbəmizin ildönümü münasibətilə hazırlanmış fövqəladə əhəmiyyətə malik bir sənəd olduğunu vurğulayan Umud Mirzəyev deyib: "Vətən müharibəsinin ildönümü ərəfəsində belə bir layihənin hazırlanacağı gözlənilən idi. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərdə də mütəmadi olaraq humanizm prinsiplərindən çıxış edib və məhbusların əfvi ilə bağlı qərarlar verib. 2016-cı ildən sonra isə ilk dəfədir ki, özünün miqyasına, şamil ediləcək insanlara və əhatə dairəsinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənən belə bir Amnistiya Aktı layihəsi hazırlanıb. Bu Amnistiya Aktının digər şəxslərlə yanaşı, Vətən müharibəsində iştirak etmiş şəxslərə, şəhid və qazi əsgərlərimizin yaxınlarına da şamil olunması isə hamımızı sevindirir".

BAMF prezidenti bildirib ki, Vətən müharibəsində xidmətləri olan insanlar bu gün cəmiyyətimizdə hər cür hörmətə və diqqətə layiqdirlər. Azərbaycan Prezidenti hər kəsə nümunə olaraq həm sərəncamlarında, həm də qərarlarında cəmiyyətə mesaj verir ki, bu Qələbəni bizə bəxş etmiş insanlara münasibətdə necə davranmaq, onlara necə diqqət ayırmaq lazımdır. Müharibə veteranları, qazilər ilə bağlı son dövrlər təxminən 40-a yaxın müxtəlif sosialyönümlü qərarlar və qanunlar qəbul olunub, fərmanlar imzalanıb. Hesab edirəm ki, sözügedən Amnistiya Aktı bu istiqamətdə atılan ən böyük addımlardan biridir. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, həm də cəmiyyətimizdə insanların həmrəyliyinə təsir edəcək addımdır. Bu müharibə həm də göstərdi ki, hər bir Azərbaycan vətəndaşı heç nəyə məhəl qoymadan, bir nəfər kimi silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa hazırdır. Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi Amnistiya Aktı da cəmiyyəti, insanlarımızı daha da sıx birləşdirməyə xidmət edir. Bu addım həm də insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bu gün elə ailələr var ki, onların başçısı, ailə üzvü hansısa səhv, yanlışlıq səbəbindən həbsdədir. Şəhid, qazi ailələrinin üzvləri arasında da belələri var. Hesab edirəm ki, Amnistiya Aktının qəbul edilməsi həmin insanların problemlərinin həlli baxımından çox ciddi və əhəmiyyətli bir hadisədir. Çünki belə bir qanunun qəbul edilməsi ilə minlərlə ailənin ocağı yenidən yanacaq, bağlı qapılar açılacaq. Atılan bu cür addımlar isə yalnız alqışa layiqdir.

AZƏRTAC