ULU ÖNDƏRİN YÜKSƏK HUMANİZMİNİN TƏZAHÜRÜ
Siyasət

ULU ÖNDƏRİN YÜKSƏK HUMANİZMİNİN TƏZAHÜRÜ

22 yanvar 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilmişdir

Adını Azərbaycan dövlətçiliyinin müasir tarixinə əbədi yazdırmış görkəmli şəxsiyyət, fenomen siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi onillikləri dirçəliş, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlətimizin qurulmasında misli görünməmiş inkişaf dövrü adlandırmaq olar. Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm nəticəsi memarı olduğu, qoruduğu, möhkəmləndirdiyi və xalqa bəxş etdiyi müstəqil Azərbaycan Respublikasıdır.

Hər bir xalqın milli istiqlaliyyətə nail olması və suveren dövlət qurması üçün üç əsas şərt - tarixi şans, milli ideya və liderin olması vacibdir. Sovet İttifaqının dağılması XX əsrin sonlarında müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı üçün tarixi imkanlar yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin səyləri və gərgin əməyi sayəsində yaranmış, gələcək siyasi, iqtisadi və mədəni müstəqillik üçün formalaşdırılmış nəhəng infrastrukturun olması və xalqda müstəqil dövlətçilik istəyinin oyanması milli azadlığımızı reallaşdıran iki mühüm amil oldu. Azərbaycan keçmiş SSRİ-nin tərkibində müstəqil dövlət kimi mövcud ola biləcək azsaylı respublikalardan biri idi. Dövlətimizin müstəqillik qazanmasının, demokratik dövlət quruculuğunun və möhkəmlənməsinin üçüncü mühüm şərti tarixi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin varlığı idi.

Vaxtilə görkəmli amerikalı politoloq Z.Bjezinski demişdi: "İndi Azərbaycana rəhbərlik edə biləcək bir adam var - Heydər Əliyev!". Bu gün həmin sözlər bütün dünya tərəfindən qəbul edilmiş bir həqiqətdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində səsləndirilən bu fikir Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin nəticələri ilə dəfələrlə öz təsdiqini tapmışdır.

Şərqdə və İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğvi ulu öndərimizin müdrik rəhbərliyi ilə ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində inamlı irəliləyişinin daha bir sübutu oldu. Ölüm hökmünün ləğvi görkəmli siyasi xadim Heydər Əliyevin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri idi. 1998-ci il fevralın 3-də mətbuatda ulu öndərin "Azərbaycan Respublikasında ölüm hökmünün ləğvi haqqında" Milli Məclisə müraciəti dərc olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm cəzası Milli Məclisin 1998-ci il 10 fevral tarixli qanunu ilə cəza növü kimi tamamilə ləğv edilmişdir. Burada qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda sonuncu dəfə ölüm hökmü AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə həyata keçirilib. 1992-ci il iyunun 16-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikası Ali Sovetinin ovaxtkı sədri tərəfindən ölüm hökmünə məhkum edilmiş yeddi nəfərin əfv olunması ilə bağlı vəsatətləri rədd olundu. 1993-cü il yanvarın 5-də Azərbaycanın o dövrdəki prezidenti də məhkum olunanlardan ikisinin əfv olunması ilə bağlı vəsatəti rədd etmişdi. Hökmlər 1993-cü ilin fevralında yerinə yetirilmişdir.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Lakin hələ Konstitusiyanın qəbulundan əvvəl, 1993-cü il iyunun 15-dən - ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etdiyi gündən ölüm hökmünün icrasına moratorium qoyuldu. Məhz Heydər Əliyevin humanist siyasəti nəticəsində Vətənə və xalqa qarşı ağır cinayətlər törətmiş, separatizmi dəstəkləmiş, torpaqlarımızı düşmənə vermiş şəxslərə belə ölüm hökmü tətbiq edilməyib. Bundan əlavə, ulu öndərin Konstitusiyada nəzərdə tutulmuş müstəsna əfv hüququna uyğun olaraq hər il qəbul olunan amnistiya aktları ölkənin demokratik, hüquqi, humanist dövlət quruculuğu siyasətinin təzahürünə çevrilmişdi.

Qeyd edək ki, 2003-cü ilin fevral ayına qədər ulu öndər əfv və amnistiya haqqında 30 sərəncam imzalamışdır ki, bu da Heydər Əliyevin yüksək humanizminin təzahürü, Azərbaycanda demokratik, humanist dövlət quruculuğunun sübutu idi.

Prezident Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Fərmanı Azərbaycanda demokratiyanın inkişafı üçün geniş imkanlar açdı və ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində uzunmüddətli proqrama çevrildi. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə respublikamızda hüquq-mühafizə fəaliyyətinin humanistləşdirilməsi siyasəti ardıcıl şəkildə həyata keçirildi. Xüsusilə qeyd etmək lazımdır ki, 1995-ci ilin may ayından, yəni əfv institutu bərpa olunandan sonra Heydər Əliyev tərəfindən imzalanan əfv fərmanları sistemli xarakter almışdı.

1995-ci ildən Prezident yanında Əfv Komissiyası fəaliyyət göstərir. Təkcə 1995-2000-ci illər ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2353 nəfər əfv edilib. Həmin dövrdə Prezidentin qanunvericilik təşəbbüsü ilə beş amnistiya aktı verilib. 63477 nəfərə amnistiya tətbiq edilib, onlardan 18895 nəfər cəzaçəkmə yerlərindən azad edilib və 44582 məhbusun cəzası dəyişdirilib. 2001-ci ilin fevralında Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar daha 8516 nəfərə amnistiya şamil olunub.

Yüzlərlə məhbusun əfv olunması, ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis tərəfindən minlərlə məhkumun amnistiyaya salınması insan hüquqlarının müdafiəsi sahəsində ardıcıl həyata keçirilən humanist-hüquqi tədbirlərin təzahürü idi. Dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən amnistiyaların elan edilməsi siyasəti müntəzəm surətdə həyata keçirilirdi. Belə ki, 1996-cı il mayın 22-də 8723 nəfər, 1997-ci il oktyabrın 17-də 3069, dekabrın 12-də 53 nəfər, 1998-ci il mayın 12-də 7633, dekabrın 29-da 4161 nəfər, 2 fevral 2001-ci ildə isə 2749 nəfər amnistiya fərmanı ilə azadlığa buraxılıb. Ümumilikdə, 1996-2001-ci illərdə 31702 nəfər müvafiq fərmanla azad olunmuşdur.

Emin QASIMOV,

"Respublika".