ULU ÖNDƏRİN GƏNCƏYƏ SƏFƏRİ QƏTİYYƏT VƏ CƏSARƏT NÜMUNƏSİ İDİ
Tarix

ULU ÖNDƏRİN GƏNCƏYƏ SƏFƏRİ QƏTİYYƏT VƏ CƏSARƏT NÜMUNƏSİ İDİ

Gəncə hadisələri məhz ölkədə son həddə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdir.

Gəncə hadisələri respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək, iqtidara qarşı baş qaldıran qüvvələrin aradan götürülməsinə və məhv edilməsinə nail olmaq cəhdləri ilə bağlı təşkil edilmiş aksiya kimi qiymətləndirilir. Çox maraqlıdır ki, Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, AXC rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdir. Ümumiyyətlə, iqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq olmuşdur. Bütün yuxarıda göstərilən tədbirlər, respublikada, o cümlədən Gəncə şəhərində silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur. 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda respublikanın rəhbər şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişlər.

Məhz bu səbəbdən, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikada mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşmiş, vətəndaş müharibəsi həddinə çatmışdır. Respublikada hakimiyyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdir. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, böyük itkilərə səbəb olmuşdur. Bu dövrdə baş vermiş hadisələr respublikanın bir çox rayonlarında qanun pozuntularına yol açmışdır. Özbaşınalıq, hərc-mərclik, zorakılıq halları geniş miqyas almış, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişdilər. İqtisadiyyata, xüsusən kənd təsərrüfatına ziyan dəymişdir. Əhaliyə sosial xidmət və təminat yox dərəcəsində idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən çox böyük çətinliklərlə üzləşmişdi. 

Ölkə daxilində hakimiyyət uğrunda mübarizə fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyundan çıxırdılar. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait yaranmışdı. Siyasi etirazlar səngimək bilmirdi. Ölkəyə rəhbərlik edənlərin təcrübəsizliyi, dövlət idarəçiliyindəki naşılığı, üstəlik xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirirdi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması xalqı getdikcə hiddətləndirirdi. Sosial, siyasi və mədəni həyatdakı özbaşınalıqlar, hərc-mərclik insanların səbrini son həddə çatdırmışdı. Belə ağır zamanda, dövlətin, millətin taleyi "olum, ya ölüm?" dilemması qarşısında qalanda xalqın ziyalıları təcrübəli, müdrik, uzaqgörən, güclü siyasətçi, dünyaşöhrətli, qətiyyətli - Heydər Əlirza oğlu Əliyevə üzünü tutdu. Onu müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi.

Xalqın qəzəbindən qorxan hökumət də Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi. Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev bu ağır gündə, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Milyonlarla insan onu qarşılamağa çıxmışdı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri qardaş qırğınının qarşısını aldı. Ulu öndərin Gəncəyə səfəri xilaskarlıq missiyası, qətiyyət və cəsarət nümunəsi idi. Bütün gəncəlilər bu gəlişi böyük ümid və sevinclə qarşıladılar.

Bəli, ümummilli lider müstəqilliyin itirilməsi, dövlətçiliyin məhv edilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar olundu. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu və dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" imzalandı. Demokratik dövlət quruculuğu ilə məşğul olmaq, iqtisadi-siyasi islahatlar aparmaq üçün vaxt və imkan yarandı. Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Ümummilli liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi. Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın və ümumilikdə bütün regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri və nüfuzu möhkəmlənirdi. Ölkəmizin dünyaya inteqrasiya prosesi də uğurla gedirdi. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdi. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi altında 13 il dalbadal keçmiş sovet hakimiyyətinin keçici qırmızı bayrağına layiq görülmüş Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl sənaye ölkəsinə çevrilmişdir. Heydər Əliyev milli kadrların yetişməsinə həmişə böyük qayğı və diqqətlə yanaşır, onların sonrakı inkişafını da izləyirdi.

Ulu öndər Heydər Əliyev 90-cı illərdə də böyük əzmlə müstəqil Azərbaycanda xilaskarlıq missiyasını yerinə yetirdi və ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi. Xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Xalqın monolit birliyi nəticəsində ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyərək inkişafını davam etdirməkdədir.

Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə ölkə Prezidenti cənab İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Zabit XƏLİLOV,

"Respublika".