Ulu öndərin 100 illiyinə həsr olunmuş BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS
Elm və təhsil

Ulu öndərin 100 illiyinə həsr olunmuş BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir. Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqədar və mətbuat xidmətinin məlumatında bildirilir.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, akademik A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nelli Veyisova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən söz açıblar. Natiqlər vurğulayıblar ki, səhiyyəmizin inkişafı yolunda Heydər Əliyevin gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əhalinin sağlamlığının qorunması naminə apardığı dövlət siyasəti və müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib.

Sonra Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

“Respublika”.