Ulu öndər Heydər Əliyevin xatirəsi Hindistanda anılıb
Sosial həyat

Ulu öndər Heydər Əliyevin xatirəsi Hindistanda anılıb

Azərbaycanın Hindistandakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Hindistanın Cəvahirləl Nehru Universitetinin müəllim və tələbələrinin də iştirak etdikləri tədbirdə çıxış edən səfir Əşrəf Şıxəliyev ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumat verib, onun Azərbaycanda siyasi sabitliyin və inkişafın təmin olunmasındakı mühüm rolunu vurğulayıb. Bildirib ki, Ulu Öndərin uzaqgörən və müdrik siyasəti nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, böyük lider dövlət quruculuğuna, Azərbaycanın dünyada tanıdılmasına və ölkəmizin hazırkı iqtisadi qüdrətinin əldə edilməsinə misilsiz töhfələr verib.

Əşrəf Şıxəliyev 44 günlük Vətən müharibəsində parlaq Qələbə nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Azərbaycan-Hindistan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti, ikitərəfli mədəni əlaqələrin inkişafı və ölkəmizdə xarici tələbələr üçün təhsil imkanları barədə məlumat verib.

Cəvahirləl Nehru Universitetinin professoru Gous Xan iki dövlət arasında humanitar sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə sənədli film, eləcə də Azərbaycan haqqında videolar nümayiş etdirilib. Sonda Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

AZƏRTAC