Ulu öndər Heydər Əliyevin xatirəsi Ali Məhkəmədə yad edilib
Sosial həyat

Ulu öndər Heydər Əliyevin xatirəsi Ali Məhkəmədə yad edilib

Dekabrın 10-da Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək tarixə böyük şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ulu öndər Heydər Əliyevin həyatından danışıb, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Ali Məhkəmənin sədri bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq Sovet İttifaqı kimi dövlətin siyasi rəhbərliyində yer alıb, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Ulu öndər azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirib.

Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.

Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin müxtəlif sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində başladığı islahatların - yenilənmənin onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb.

Bildirib ki, ötən il 44 günlük Vətən müharibəsində Qarabağın erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev strategiyasının qələbəsidir.

AZƏRTAC