Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti
Siyasət

Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti

"Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

                                                                                                                               Heydər ƏLİYEV,

ümummilli lider.

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxalarınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür.

Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir.

10 may 1923-cü ildə Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda belə inqilab etmək, tikinti-abadlıq, quruculuq işlərinə geniş vüsət vermək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi. Bir sözlə, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş başlandı. 

Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər, həm də gələcək nəsillərə bir nümunədir.

Ulu öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vemişdir. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq o zamankı SSRİ rəhbərliyinin mənfur anti-Azərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə Mixail Qorbaçovu günahlandırması onu göstərir ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan bir şəxsiyyət, böyük azərbaycanlı olmuşdur.

Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq, ölkəsinin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və ulu öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.

1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Heydər Əliyev bu cəsarəti, yenilməz vətəndaşlıq mövqeyi ilə özünü hər bir azərbaycanlının, ədalətə dəstək verən hər bir insanın gözündə tarixiləşdirmişdir. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Həqiqətən də, Azərbaycanın müstəqilliyi qarşısında tarixi məsuliyyəti dərk edərkən ən yeni tariximizdə əslində dövlətçiliyin olduqca təhlükəli dövrü kimi qiymətləndirilən 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiyanı unutmaq olmur. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.

Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.

Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. 

Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.

Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Gərgin fəaliyyəti nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlki illərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.

Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.

Penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.

Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi də dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur. Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul olundu.

Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Məhz həmin vaxtdan Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən ilk dövlətlərdən oldu.

Bunun davamı olaraq məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunmaqla demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.

Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində ulu öndər Azərbaycan, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi. 

Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

                                                                        Nigar İBRAHİMOVA,

        Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı.