Ulu Öndər Heydər Əliyev və Azərbaycanda üzümçülüyün inkişafı
İQTİSADİYYAT

Ulu Öndər Heydər Əliyev və Azərbaycanda üzümçülüyün inkişafı

1969-cu ildə ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlişi özlüyündə yeni bir mərhələnin başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin ölkədaxili iqtisadi inkişaf konsepsiyasında başlıca meyar, insanların praktiki fəaliyyətində və bununla bağlı təsərrüfat quruculuğunda mövcud olan durğunluğun, özünə inamsızlığın, ətalətin və bir çox hallarda məsuliyyətsizliyin qarşısının alınması və onları sağlam həyat tərzinə alışdırmaq idi.

Odur ki, məhz onun tapşırığı əsasında respublikamızda 1970-ci ildə üzümçülük və şərabçılıq üzrə Dövlət Komitəsi yaradıldı. Respublikada üzüm, şərab istehsalı və tədarükü bu Komitəyə həvalə edildi. Sözügedən sahənin elmi əsaslarla inkişaf etdirilməsi üçün ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradıldı. Respublikada görüləsi işlərin miqyası isə çox böyük idi.Bu dövrdə üzümün məhsuldarlığı çox aşağı olub, bir hektardan cəmi 43,5 sentner təşkil edirdi.

Azərbaycan KP MK və Respublika hökuməti üzümçülüyün inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər müəyyən etdi. Təkcə onu demək kifayətdir ki, 1970-ci ildə (yəni bir ilin ərzində) məhsuldarlıq hər hektar üzümlük sahəsindən 46,8 sentner, 1973-cü ildə 48,8 sentner, 1975-ci ildə isə 65,1 sentnerə çatdırıldı. Çoxsaylı təşkilat- təsərrüfat tədbirləri işlənib hazırlandı.

Odur ki, 1970-ci illərdən üzümçülükdə köklü dəyişikliklərə başlandı. Bu illərdə üzümçülük və şərabçılıq respublikanın kənd təsərrüfatında aparıcı sahə kimi dövlətin qayğısı altında olmuş və ona xüsusi önəm verilmişdir. Təbii ki, üzümçülük Azərbaycanda kənd təsərrüfatı bitkiləri içərisində daha gəlirli sahə olmağı ilə fərqlənən, min illərlə ərzaq bitkisi kimi becərilmiş və adamların iqtisadi həyatında mühüm rol oynamışdır.

Ölkədə üzüm istehsalında elmin köməyinə həmin vaxt həmişəkindən daha çox ehtiyac var idi. Dünyada baş verən ekoloji dəyişikliklərin (havanın, torpağın, suyun) bitki keyfiyyətinə mənfi təsir göstərməsini alimlərin elmi araşdırmaları aydın şəkildə sübut edir. Yeri gəlmişkən, bir dəfə Göygöl (keçmiş Xanlar rayonu) rayonunda keçirilən müşavirədə ulu öndər Heydər Əliyev "Ampeloqrafiya" sözünün mənası ilə maraqlanmış və komitənin ovaxtkı sədri Y.Q.Rzayevdən onun izahını soruşmuşdur. O, isə alimlərin fikri ilə məsələyə aydınlıq gətirmişdir.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli sərəncamı ilə Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrənmək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyətə başlamışdır.

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu mövcud Üzümçülük-Şərabçılıq Dövlət Komitəsi tərkibində Bakının Mehdiabad qəsəbəsində yaradıldı. Bu, faktiki olaraq üzümçülük elminə və üzümçülüklə məşğul olan alimlərə tarixi bir hədiyyə idi. Gəncə Kənd Təsərrüfatı İnstitutundan üzümçü alim C.S.Süleymanov Bakı şəhərinə dəvət olunaraq, institutun direktoru təyin edildi, Bakı şəhərində mənzillə də təmin olundu.

Heydər Əliyevin təşəbbüsü ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrlarla təmin etmək üçün 1981-ci ildə Gəncə şəhərində Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özü-nün ən yüksək inkişaf mərhələsini keçmişdir. Bu illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşdı.

Atalar sözü kimi səslənən "Yalnız keçmişi davam etdirməklə gələcəyə çatmaq olar" məşhur fikrini bu gün nəzərdən keçirərkən bir anlığa ümummilli lider Heydər Əliyevin 1970-ci illərdə böyük üzümçülüyün təməlini qoyduğu dövr yada düşür. Məhz bu illərdə, ulu öndər üzümçülüyün və bütünlükdə kənd təsərrüfatının ölkədə inkişaf zirvəsinə yüksəlməsinin elmi və praktiki əsasını qoymuş və aqrar sahənin mərhələli inkişafına nail olmuşdur.

Ulu öndər kənd təsərrüfatının intensivləşdirilməsini sürətləndirmək üçün SSRİ hökumətinin dəstəyinə, o cümlədən 1970-ci ildə "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında", 1975-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" və daha sonra isə 1979-cu ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında"kı ittifaq miqyaslı qərarların qəbul edilməsinə nail olmuşdur. Bütün bu görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində sonrakı illər üzüm istehsalı 7,9 dəfə artırılmış, 1984-cü ildə 110 milyon dal şərab istehsal edilmiş, dövlətə 1,7 milyon ton üzüm verilmişdir.

Ulu öndərimizin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir.

Respublikada üzümlüklərin coğrafi cəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi respublikamızın dünyada aparıcı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkey-fiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi.

1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda "Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında" məsələ müzakirə edildi.

Bu tədbirlərin uğurlu nəticəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozu təskil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114, 1971-ci ildəkindən isə 186 min ton çox olub. 

Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. 1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 milyon tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126.1 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi.

Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı. Respublikada yeni üzümçülük rayonları yaradıldı. Cəbrayıl, Zəngilan, Yardımlı, Lerik kimi dağ və dağətəyi rayonlarda yeni üzümlüklər salındı, şərab zavodları inşa edildi. Həmçinin, Cəlilabad, Şamaxı, Tovuz, Qazax, İsmayıllı kimi bütöv inzibati rayonlar üzümçülük üzrə ixtisaslaşdırılmışdı.

Azərbaycanda üzüm istehsalının intensiv inkişafı ilə yanaşı, onun ildən-ilə əkin sahəsinin genişləndirilməsi və bu sahənin daha dərin ixtisaslaşdırılması, habelə digər sahələrlə səmərəli əlaqələndirilməsi üçün qarşıda böyük perspektiv vəzifələr qoyulmuşdu. Ölkə başçısının sərəncamına görə 1981-1986-cı illərdə üzüm sahələri daha da genişləndirilərək, 400-410 min hektara və 1990-cı ilədək üzüm istehsalı 2,5-3 milyon tona çatdırılmalı idi.

Ancaq birmənalı demək olar ki, Azərbaycanda üzüm-şərab istehsalının geniş miqyasda ixracı, ovaxtkı ittifaq bazarına güclü təsiri, bəzi qonşu dövlətlərə sərf eləmirdi və onlarda qısqanclıq yaradırdı. Məhz buna görə də 1985-ci ildə keçmiş sovet rəhbərliyi tərəfindən "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri haqqında" qəbul edilmiş qərarı Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafını demək olar ki, dayandırdı. Bu qərar başdan-ayağa Azərbaycanın kənd təsərrüfatına qarşı təxribat idi. Həmin qərara əsasən Respublikanın Üzümçülük-Şərabçılıq Komitəsi nəzdində olan 327 ixtisaslaşdırılmış üzümçülük-şərabçılıq sovxozu, 172 emal zavodu, 2 sovxoz-texnikum, 2 ilkin emal zavodu, 2 konyak zavodu, Xanlar Aqrosənaye kombinatı ləğv edildi. Yüzlərlə hektar üzümlük sahəsi məhv edildi, üzüm sortları itirildi. Respublikaya 100 milyon manatlarla ziyan dəydi.

Üzümçülük və şərabçılıq sahəsinə  ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə ikinci dəfə qayıdışından sonra diqqət yenidən artmağa başladı. Heydər Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılmasını zəruri hesab edərək, 29 yanvar 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Əlbəttə, qəbul edilən bu qanun üzümçülüyün inkişafına böyük təkan verdi və bu sahədəki elmi-tədqiqat işlərinin genişlənməsinə zəmin yaratdı.

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Vüqar SƏLİMOV,

Kənd Təsərrüfatı Nazirliyi

Üzümçülük və Şərabçılıq

ET İnstitutunun direktoru,

aqrar elmlər doktoru.