Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini ən mühüm vəzifə hesab edirdi
Siyasət

Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini ən mühüm vəzifə hesab edirdi

22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərman imzalanmışdır

Azərbaycanın qədim, əzəli torpaqlarında özlərinə dövlət quran mənfur ermənilər mövcud olduqları gündən etibarən Azərbaycan xalqına qarşı hər zaman kin-küdurət bəsləmiş, xəbis, pis niyyətlərini heç vaxt gizlətməmişlər. Müxtəlif dövrlərdə mərhələli şəkildə xalqımıza qarşı təcavüzlər, soyqırımları törətmiş, zaman-zaman düşmənçilik əməllərini həyata keçirmişlər. Azərbaycanlılar tarixin müxtəlif dövrlərində - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə öz doğma yurd yerlərindən məqsədyönlü şəkildə didərgin salınmış və deportasiya olunmuşlar. XX əsrin sonlarında isə alçaq niyyətlərinin, rəzilliklərinin son həddinə çataraq ərazi bütövlüyümüzü pozmuş, torpaqlarımızın 20 faizindən çoxunu işğal etmişlər. Həmin illərdə düşmənin planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq minlərlə insanın əzəli yurd-yuvalarından kütləvi surətdə və zorakılıqla didərgin salınması ilə tarixə yazılmışdır.

O illərdə Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Xalq öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənilər torpaqlarımızı, şəhər və kəndlərimizi işğal edir, qətl və qarətlər törədirdilər. 1993-cü il oktyabrın 3-də ümumxalq dəstəyi ilə prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlətimizin müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini fədakarlıqla həyata keçirəcəyini bəyan etmişdi. Ulu öndər Heydər Əliyev verdiyi ilk bəyanatlarının birində deyirdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam".

Ümummilli lider Heydər Əliyevin bu fikirləri qısa zamanda reallığa çevrildi, ölkədə anarxiya və özbaşınalığın qarşısı alındı. Ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də nizamlı və güclü ordu quruculuğuna başlamağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi.

Bütün bunlarla bərabər, ulu öndərin daxili siyasətində yer tutan əsas məsələlərdən biri yurd-yuvalarından didərgin düşmüş insanların qayğısına qalmaq, onların həyat səviyyəsini yüngülləşdirmək, müvəqqəti yerləşdikləri yerlərdə maksimum şəraitlə təmin etmək idi. Bu məqsədlə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, ulu öndər Heydər Əliyev tərəfindən 20-dən çox fərman və sərəncam imzalanmışdır. Eyni zamanda, müvafiq Sərəncamla "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq olunmuş, "Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" yaradılmış, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin ən mühüm, ən vacib məsələlərdən biri olduğunu vurğulayan Heydər Əliyev 1999-cu ilin mart-sentyabr aylarında qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə olub onların vəziyyətini öyrənən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbər nümayəndələrini qəbul edərək heyətin Azərbaycana gəlib qaçqın, məcburi köçkünlərin problemlərini araşdırmasını yüksək qiymətləndirmişdir. Həmin ilin sentyabrında BMT-nin qaçqınlar üzrə ali komissarı Sadako Oqata da Bakıya gəlmişdir. Qaçqın və məcburi köçkünlərə komissarlıqla yanaşı, bir sıra ölkələr, xüsusilə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və beynəlxalq təşkilatların xətti ilə Avropa dövlətləri də böyük yardım göstərmişlər.

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər həyata keçirən ulu öndər Heydər Əliyev 22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərman imzalamışdır. Fərmanda son iki yüz il ərzində bir tərəfdən Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi, digər tərəfdən isə XX əsrin sonlarında azərbaycanlıların öz doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və köçkün vəziyyətinə salınması öz əksini tapmışdır. 1905-1907 və 1918-1920-ci illərin hadisələri, mart qırğınları zamanı azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsi, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycanın öz sərhədlərini təyin etmək istədikdə yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlməsi, o zamanlar İrəvan xanlığı ərazisindən minlərlə soydaşımızın didərgin salınması nəticəsində ermənilərin Zəngəzur dəhlizini ələ keçirərək İranla sərhəd yaradılmasına nail olmaları, tarixin bu mərhələsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradılması ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və onlara qarşı tətbiq olunan etnik təmizləmə siyasətinə başlanması təfsilatı ilə qeyd edilir.

Tarixin saxtalaşdırıldığı, təhrif edildiyi və Azərbaycan torpaqlarının tarixi adlarının dəyişdirilərək süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasəti aparıldığı qeyd olunmuşdur. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" Qərarı, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" ikinci qərar əsasında 150 minə yaxın azərbaycanlının yaşadıqları yerlərdən didərgin salınaraq öz doğma torpaqlarından köçürülməsini bildirən ulu öndər 1987-ci ildən Dağlıq Qarabağ ətrafında cərəyan etməkdə olan məlum hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başlandığını qeyd etmişdir.

Beləliklə, XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımızın öz tarixi vətənindən köçürüldüyünü, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək öldürüldüyünü və ya didərgin salındığını bəyan edən Heydər Əliyev imzaladığı bu fərmanla 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə onlara verilən "Qaçqın" statusunun qüvvədə saxlanılmasına, respublikanın müvafiq şəhər və rayonlarında qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsinə, kənd yerlərində məskunlaşan qaçqınlara müəyyən olunmuş qaydada həyətyanı və əkin üçün torpaq sahələrinin ayrılmasına, bir sözlə, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həll olunmasına göstəriş vermişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".