Ukraynalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Ukraynalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının Deputatlar Palatasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Kreydenkonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Sonra Şəhidlər xiyabanına gələn parlamentarilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.