Ukrayna: Zülmlə qovulduğumuz Amasiyaya qovuşacağıq
Digər xəbərlər

Ukrayna: Zülmlə qovulduğumuz Amasiyaya qovuşacağıq

XX əsrin bəlası - Deportasiya

Erməni millətçiləri öz havadarlarının köməyi ilə XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı daha bir təcavüz aktı həyata keçirdilər. Keçmiş sovet məkanında erməni daşnakları müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, mədəni irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, ermənilər tərəfindən dünyada azərbaycanlıların mənfi obrazının formalaşdırılması cəhdləri də güclənirdi. Yazıq, məzlum erməni xalqının obrazını yaradaraq ötən əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədən haylar soyqırımı qurbanları kimi qələmə verilirdi.

XX əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız kütləvi surətdə qovuldular. Qərbi azərbaycanlıların hüquqları erməni vandalları tərəfindən pozulur, onların ana dilində təhsil almalarına əngəllər törədilirdi. Həmçinin, Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir qədim Azərbaycan toponimləri ermənilər tərəfindən müasir adlarla əvəz olunurdu.

Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi aktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və yanlış ictimai fikir formalaşdırılırdı. Ermənilər sovet rejimindən bəhrələnərək anti-Azərbaycan təbliğatını durmadan gücləndirirdilər.

Azərbaycan türkləri İrəvanda e.ə. II əsrdən yaşamağa başlamışlar. Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş türk mənşəli toponimlərə, IV-VII əsrdən başlayaraq Qafqaz xalqlarının tarixi ilə bağlı yazılmış əsərlərə istinad edərək bu qənaətə gəlmək olur ki, Qərbi Azərbaycan ərazisində Azərbaycan türkləri yerli sakinlər olmuş və ermənilər buraya ilk yaşayış yerləri olan İraqdan - Fərat və Dəclə çayının sahillərindən köçəri tayfa kimi gəlmişlər. Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə isə ən zəngin bölgələrindən olmuşdur.

Azərbaycan xalqına qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındıraraq öz yaramaz əməllərini Azərbaycan xalqının ayağına yazmışlar.

Ermənilər ayrı-ayrı vaxtlarda "əzabkeş" xalq kimi İrandan, Türkiyədən axın-axın İrəvan xanlığına köçürülmüşlər. Bu "əzabkeşlərin" məqsəd-məramı yerli azərbaycanlılara aydın deyildi. 1905-1907, 1918-1920-ci illərdə ermənilər Qərbi Azərbaycanda elə qanlı faciələr törətmişlər ki, erməni millətçiləri tarix boyu bu hadisələrin baisi kimi məsuliyyət daşıyacaqlar. 1948-1953-cü illərdə minlərlə azərbaycanlı doğma torpaqlarından sürgün edilmiş, əhali kütləvi şəkildə qırılmışdır. Ermənilər zaman-zaman Ağbaba mahalında da azərbaycanlılara qarşı amansız terror hadisələri törətmiş, günahsız insanlar min bir əzabla ata-baba yurdlarından zorla qovulmuşdur.

Birinci Dünya müharibəsi zamanı (1914-1918) Amasiya rayonunun əhalisi erməni vəhşilikləri ilə üzləşmiş, qaçqın həyatı yaşamağa məcbur olmuşdur. Bu dövrlərdə "Daşnaksütyun" partiyasının silahlı qüvvələri əhalinin xeyli hissəsini qırmış və kəndləri talamışlar. Türkiyəyə, İrana və başqa yerlərə qaçan əhalinin bir hissəsi yalnız Ermənistan Respublikasında sovet hakimiyyəti qurulandan sonra öz doğma ata-baba yurdlarına qayıtmışlar.

1988-ci ildə Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar variantı həyata keçirilmişdir. 1988-ci ilin fevralından noyabr ayına qədər Qərbi Azərbaycandakı soydaşlarımız sonuncu nəfərə qədər min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesinin, sonuncu mərhələsi başa çatdı.

Artıq 35 ildir ki, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız yurd həsrəti ilə yaşayır, İrəvana, Amasiyaya, Göyçə mahalına, Zəngəzura, Dərələyəzə və digər şəhər və kəndlərə qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Dekabrın 24-də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı əminliklə bildirdi ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra indi əsas hədəfimiz erməni işğalı altında olan Qərbi Azərbaycan torpaqlarına qayıdışdır. Çox tezliklə haqq-ədalət Zəfər çalacaq, köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcəkdir...

Mən əslən Qərbi Azərbaycanın Amasiya rayonundanam. Uzun illərdir ki, Ukraynada yaşayıram. Amasiyanın hər qarışında, Arpa çayının nəğməli sahillərində ayaq izlərim qalıb. O yerlər mənim Məkkəm, Mədinəmdir. Əminəm ki, çox tezliklə ata-baba yurduma dönəcəyəm...

Fəxrəddin MUXTAROV,

Poltava vilayətinin deputatı.