Ukrayna: Nikolayev vilayətində Həmrəylik günü qeyd olundu
Diaspora

Ukrayna: Nikolayev vilayətində Həmrəylik günü qeyd olundu

Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.

Bu gün dost Ukraynanın bütün bölgələrində olduğu kimi, Nikolayev vilayətində də Azərbaycan diasporu mütəşəkkil qüvvəyə çevrilmişdir. Orada yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün fəlsəfi əsas yaradılmışdır.

Bu günlərdə Nikolayev vilayətində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları ilə bağlı mərasim keçirildi. Tədbirdə qonaqlar, azsaylı xalqların nümayəndələri və diaspor fəalları iştirak edirdilər.

Bayram tədbirində Ukrayna Azərbaycanlıları Konqresi Nikolayev təşkilatının sədri Yunis Əliyev çıxış edərək vurğuladı ki, Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır. Onların mütəşəkkil diaspor kimi formalaşması, lobbi quruculuğu sahəsində fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanlıların ideya-siyasi birliyi təmin olunmuşdur.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji siyasi iş aparmış, Ukraynadakı soydaşlarımızın monolit qüvvəyə çevrilməsi üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. Bu ideologiya həmvətənlərimizin vahid ideya ətrafında birləşməsini sürətləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.

Dünya azərbaycanlılarının 2016-cı ilin iyununda Bakıda keçirilən IV Qurultayı Ukraynada yaşayan həmvətənlərimiz arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin güclənməsini, Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsini qürur hissi ilə qeyd etmişdir.

Bayram tədbirində Yunis Əliyev sözünə davam edərək bildirdi ki, Nikolayev vilayətindəki soydaşlarımız ayrı-ayrı sahələrdə çalışır, yaxşı işləri ilə şan-şöhrət qazanır, sosial-iqtisadi vəzifələrin həyata keçirilməsində qüvvə və səylərini əsirgəmirlər. Ona görə də onlar müxtəlif mükafatlara layiq görülmüşlər.

Milli diasporumuzun üzvləri Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi, Qurban bayramı, həmçinin tarixi günləri, həmçinin ümummilli lider Heydər Əliyevin doğum gününü təntənə ilə qeyd edirlər.

Bu bayram günündə qürur hissi ilə qeyd edilməlidir ki, 2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın edildi. Azərbaycan ordusu qanı-canı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi. Qarabağ işğaldan azad olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qətiyyətli lider, müzəffər ordu, xalqımızın monolit birliyi Azərbaycanın yeni və  möhtəşəm tarixini yaratdı.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin Vətən müharibəsi günlərində Nikolayev vilayətrində soydaşlarımız həmrəylik aksiyaları keçirdilər. Erməni vandalizmini rüsvay etdilər. Həmçinin tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Fonduna vəsait köçürüldü.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş mərasimdə diasporun nəzdindəki mahnı və rəqs dərnəyinin üzvləri maraqlı proqramla çıxış etdilər.

Qədir ASLAN,

“Respublika”.