Ukrayna Ali Radasının deputatı: Şuşa Bəyannaməsi Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasına xidmət edir
MÜSAHİBƏLƏR

Ukrayna Ali Radasının deputatı: Şuşa Bəyannaməsi Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasına xidmət edir

Heç kəs üçün sirr deyil ki, Türkiyə Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaşıdır. Türkiyə və Azərbaycan xalqları ortaq tarixi köklərə və mədəni dəyərlərə malikdir. Ona görə də, bu iki ölkə arasında çoxdan qüvvədə olan Dostluq və strateji tərəfdaşlıq haqqında Müqaviləni nəzərə almaqla, Şuşa Bəyannaməsinin imzalanması tamamilə qanunauyğundur. 

Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Dostluq Qrupunun həmsədri Valeri Kolyux AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin həm hərbi-texniki, həm də siyasi dəstəyi olduqca qiymətlidir. Hazırda Türkiyə bu regionda sülhün qarantlarından biridir. Türkiyə hərbçiləri Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət mərkəzinin fəaliyyətində iştirak edirlər.

Valeri Kolyux deyib: “Buna görə də Şuşa Bəyannaməsinə, ilk növbədə, Ankaranın əvvəl öz üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləməsi, həmçinin bütün Cənubi Qafqazda sabitliyin qorunub saxlanması kontekstində baxmaq lazımdır. Diqqətəlayiq məqamdır ki, sənəddə sırf siyasi məzmunlu bəndlərlə bərabər, ərazilərin minalardan təmizlənməsi və münaqişə zonasında həyatın normallaşdırılması ilə bağlı fəaliyyətin dəstəklənməsi kimi humanitar norma da təsbit olunub. Bu, çox mühüm problemdir və onun uğurlu həlli regionda tammiqyaslı sülhə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir”.

Deputat vurğulayıb ki, Ukrayna Azərbaycanın müharibə nəticəsində viran edilmiş ərazilərinin bərpasına yönəlmiş addımları dəstəkləyir. İnsanlar tezliklə normal həyata qayıda bilmələrini, Qarabağın firavanlaşmasını və inkişafını təmin etmək üçün yolların, kənd təsərrüfatı təyinatlı torpaqların və bağların minalardan təmizlənməsini sürətləndirmək lazımdır.

AZƏRTAC