Uğurlu inkişaf modeli
Siyasət

Uğurlu inkişaf modeli

Möhtərəm Prezidentimizin "Bizim sözümüz imzamız qədər keçərlidir" fikirləri əməli fəaliyyətimizin əsas prinsiplərindəndir

2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi. Ötən dörd il Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər keçərlidir" fikrinin həyatda növbəti dəfə əyani təsdiqini tapdığını göstərdi. Azərbaycan hər zaman açıq və şəffaf siyasət yürüdüb, elan etdiyi prioritetlərə uyğun və beynəlxalq hüququn müstəqil subyekti kimi məsuliyyətli davranıb, öhdəliklərinə sadiq qalıb.

Ötən müddət ərzində keçdiyi böyük inkişaf yolunda müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir.

Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən inkişaf, zəfər yolunu ləyaqətlə davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində "Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir", - deyə inamla və əzmlə bəyan etmişdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına və strateji tərəfdaşlarının sayının çoxalmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında söylənildi: "Qarabağ Azərbaycandır!".

Bu siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmiş, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır.

Dövlət başçısının qlobal çağırışlara, eyni zamanda milli maraqlarımıza tam cavab verən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən biridir. Ümumiyyətlə, Azərbaycan gənc müstəqil dövlətlər arasında yer alsa da, ötən dövr ərzində əldə edilən nailiyyətlər bir əsrə sığmayan uğurlardır. 2013-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən ölkəmiz, xüsusilə də dövlətimizin başçısı haqqında beynəlxalq arenada deyilən müsbət fikirlər xalqımızı qürurlandırırdı. Ölkəmiz həm də beynəlxalq əməkdaşlıqda çox etibarlı tərəfdaş sayılır. Təmsil olunduğu bütün beynəlxalq təşkilatda və ya çoxtərəfli və ikitərəfli əməkdaşlıqda dövlətimizə, onun rəhbərinə güvənilir və etimad göstərilir. Möhtərəm Prezidentimizin "Bizim sözümüz imzamız qədər keçərlidir" fikirləri müdrik və uzaqgörən siyasətin təməl prinsiplərindəndir. Prezident İlham Əliyevin bu deyimi, əslində Azərbaycan Prezidentinin xarakterini və dövlətimizin ənənələrə sadiqliyini nümayiş etdirir. Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi ən mühüm beynəlxalq uğurlarımızdan biridir. Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatına sədrliyimizin 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə olan böyük inam və etimaddan, fəaliyyətimizin yüksək qiymətləndirilməsindən irəli gəlir. Bu baxımdan, ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir. Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat, Şimali Atlantika Müqaviləsi Təşkilatı, Davos İqtisadi Forumu və başqa qurumlarla fəal əməkdaşlıq Prezident İlham Əliyevə inam və etibarı daha da artırıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün regional və qlobal layihələrdə ölkəmiz özünün ən müsbət tərəflərini göstərib, söz sahibi dövlət olduğunu nümayiş etdirib. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji-siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanıb. "Şahdəniz" yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Böyük təntənə ilə həm TANAP, həm Cənub Qaz Dəhlizi açılıb və bu gün TANAP uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Bu, Azərbaycanı bir dövlət olaraq gücləndirən, təsir imkanlarını artıran, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən ciddi hadisədir.

Bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi təqdir olunur. Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar düşünülmüş, konkret tədbirlər planıdır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlətimizin başçısının düşünülmüş, uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə səciyyələnir.

Mustafa KAMAL,

"Respublika".