UĞURLU ƏMƏKDAŞLIQ PLATFORMASI
Digər xəbərlər

UĞURLU ƏMƏKDAŞLIQ PLATFORMASI

İrimiqyaslı layihələrin həyata keçirilməsi müdrik və uzaqgörən xarici siyasətin mühüm tərkib hissəsidir

Bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə məhz müstəqil siyasət həyata keçirən dövlətlərin inkişaf yolunda inamla irəlilədiklərini görə bilirik. Çünki müstəqil siyasət dövlətin həm öz milli mənafeyinin, həm də tərəfdaşlarının maraqlarının reallaşdırılmasına xidmət edir. Burada ortaq maraqlar naminə birgə əməkdaşlıqlar da xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın yaratdığı müsbət nümunə, eləcə də beynəlxalq enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr olduqca yüksək dəyərləndirilir.

Sirr deyil ki, Azərbaycan dünyada böyük etimad göstərilən ölkə və etibarlı tərəfdaş kimi tanınır. Respublikamızın fəal iştirakı ilə regionda irimiqyaslı və çox əhəmiyyətli layihələrin həyata keçirilməsi uğurlu xarici siyasətin real nəticələrdir. Xüsusilə, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji strategiyasının nəticələri dünya miqyasında yüksək qiymətləndirilir. Ən əsası, hazırda Avropanı Xəzər dənizi ilə bağlayan Cənub Qaz Dəhlizi layihəsinin icrasının tam təmin olunmasında Azərbaycan dövlətinin qətiyyətli mövqeyinin, fəal təşəbbüslərinin xüsusi rol oynadığını qeyd etməmək mümkün deyil.

Əminliklə deməliyik ki, Cənub Qaz Dəhlizinin yaranmasında Azərbaycanın iqtisadi və siyasi təşəbbüsləri əvəzolunmazdır. Ölkəmiz layihəyə 10 milyard dollar həcmində maliyyə yatırıb və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin dörd seqmentində də iştirak edib. Bu gün Azərbaycanın aparıcı mövqeyi sayəsində reallığa çevrilən Cənub Qaz Dəhlizi perspektivli layihələrdəndir. Uzunluğu 3500 kilometr olan, 7 ölkəni birləşdirən layihə təkcə iqtisadi baxımdan sərfəli deyil, o həm də siyasi münasibətlərin inkişafına təkan verən, yeni istiqamətlərdə gələcək əməkdaşlıqlara zəmin yaradan önəmli layihədir. Belə layihələr ölkəmizin iqtisadi imkanlarının və maliyyə gücünün artmasına xidmət edir.

Eyni zamanda, bir sıra mühüm məqamlara da ayrıca diqqət yetirmək məqsədəuyğundur. Birincisi, bu layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfədir. İkincisi, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimul verir. Belə əməkdaşlıq formatlarının reallaşdırılması sayəsində əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına önəmli dəstəkdir. Digər tərəfdən, Azərbaycanın iştirakı ilə bu cür layihələrin həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsinin parlaq Zəfərimizlə nəticələnməsilə 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsindən sonra ölkəmizi qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Xüsusilə də, həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı layihələrin həyata keçirilməsi məhz ölkəmizin iqtisadi imkanları və maliyyə gücü sayəsində mümkün olacaq.

Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan azsaylı dövlətlərdən biridir. Məlumdur ki, milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana gəldiyi gündən etibarən real xarici siyasət milli güc amilinə söykənir. Bu sahədə mövcud olan bütün yanaşmalarda dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz bu amilin mövcudluğu böyük önəm daşıyır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli amillərdən, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır. Bütün siyasi proseslərin, o cümlədən xarici siyasətin ana xəttini daha çox təsir imkanlarına malik olmaq üçün aparılan mübarizə təşkil edir.

Azərbaycanın xarici siyasəti də məhz milli güc amilinə əsaslanan, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir. Bu siyasət, eyni zamanda, müxtəlif əməkdaşlıq platformalarının - enerji, logistik və müxtəlif regional layihələrin uğurla həyata keçirilməsini nəzərdə tutur.

Bunların fonunda ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji amilə çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə yenə də onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin "Sözümüz imzamız qədər keçərlidir" kəlamı təkcə Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə etmir, həm də onun ölkəyə qazandırdığı obrazın əsas leytmotivini təşkil edir.

Azərbaycan son bir il ərzində Avropa İttifaqı ilə fəal əməkdaşlıq əlaqələri qurub. Bu baxımdan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin ölkəmizə səfəri əhəmiyyətli hadisə idi. Avropa İttifaqı ilə Azərbaycan arasında çox önəmli bir sənəd - enerji təhlükəsizliyi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Anlaşma Memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəlikləri xüsusi vurğulanır. Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün şaxələndirilməsini dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və Qərbi Balkan ölkələrinə daşınmasından gedir.

Şübhəsiz, bu sənəd təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun da önəmini artıracaq, həmçinin bölgədə yarana biləcək münaqişələrin qarşısının alınmasına xidmət edəcək. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və qorunması üçün bu saziş qoruyucu qalxan rolu oynayacaqdır. Yeni saziş ölkəmizin iqtisadi yüksəlişinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq ki, bu da əhalinin rifah halının daha da yaxşılaşmasına səbəb olacaq. Azərbaycanla Aİ arasında əlaqələrin genişlənməsi bizim strateji dövlət maraqlarımıza tam uyğundur və ölkəmizin Qərblə daha sıx bağlanmasına zəmin yaradacaq.

Həmçinin qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ixrac tərəfdaşıdır. Demək olar ki, Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ-yə üzv dövlətlərin payına düşür. 2021-ci ildə ixrac olunan ümumi neftin 70 faizə qədəri Aİ ölkələrinə aiddir. Hazırda Azərbaycan-Avropa İttifaqı enerji dialoqu çərçivəsində müzakirə edilən əsas mövzulardan biri də ölkəmizin Avropaya "yaşıl" enerji ixrac etməsi məsələsidir. Belə deyə bilərik ki, əgər bu, mümkün olarsa, Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq daha da dərinləşəcək. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində davamlı səylər göstərir. Təsadüfi deyil ki, Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabrında, 2022-ci ilin aprel, may və avqust aylarında dörd dəfə Brüsseldə görüşüblər.

Bütün bunlar son dönəmdə Azərbaycanın xarici siyasətində əldə olunan uğurlu nəticələrin tərkib hissəsi olmaqla ən yaxın perspektivdə ölkəmizin gələcəyi və qlobal proseslərdəki rolunun artması ilə bağlı çox mühüm hadisələrin gözlənildiyini deməyə əsas verir. Bu da təsadüfi deyil, çünki xarici siyasətdə düzgün seçilmiş prioritetlərlə yanaşı, enerji və nəqliyyat kimi mühüm sahələrdə müxtəlif əməkdaşlıq platformalarının yaradılması və uğurla həyata keçirilməsi Azərbaycana böyük siyasi-iqtisadi üstünlüklər gətirir.

Emin QASIMOV,

"Respublika".