Uğurlu əməkdaşlığa və məqsədyönlü siyasətə tərəfdaş ölkələrdən adekvat cavablar
Siyasət

Uğurlu əməkdaşlığa və məqsədyönlü siyasətə tərəfdaş ölkələrdən adekvat cavablar

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini gündən-günə daha da möhkəmləndirir. Beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, heç bir ölkənin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında yürütdüyü siyasət müstəqil dövlətimizi etibarlı tərəfdaşa çevirib. Çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional güc olan Azərbaycanın verdiyi qərarlara dünya birliyində də hörmətlə yanaşılır. Dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz xarici siyasətində Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Regionda yeni reallıqlar yaradan, eyni zamanda sülhə, tolerantlığa, mədəniyyətlərarası dialoqa böyük töhfələr verən Azərbaycan bir çox ölkələrlə münasibətlərini bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurur. Belə ki, Azərbaycan neftini dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum enerji xətlərinin reallaşması nəticəsində Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli münasibətlər yeni mərhələyə yüksəlmişdir. Enerji sahəsində TANAP, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu ölkələrin strateji dəyərini daha da artırmış, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır. Azərbaycanın enerji resurslarını Qərb bazarlarına çıxarmaq üçün ən təhlükəsiz yol olan Türkiyənin Cənubi Qafqazda böyük güc olması, Şərqlə Qərb arasında enerji və nəqliyyat xətlərinin inkişaf etdirilməsi, bu istiqamətdə Orta Dəhlizin yaradılması fonunda regionun bir çox dövləti ilə səmimi, işgüzar münasibətlərin qurulması Azərbaycanın regional maraqları ilə üst-üstə düşür.

Ölkəmiz mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsir məkanına uğurla inteqrasiya olunur, multikultural dəyərlərə sahib olan tolerant ölkə kimi zəngin təcrübəsini bütün dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti dünya ölkələrinə mütərəqqi örnəkdir. Bəzi ermənipərəst qərb ölkələri istisna olmaqla, bütün dünya tərəfindən Azərbaycan sülhsevər, tolerant, humanist ideyalara sadiq ölkə kimi qəbul olunur. 30 il ərazilərini işğal edən, xalqının başına müsibətlər gətirən işğalçı Ermənistanı məglub etməsinə baxmayaraq, müharibə bitər-bitməz düşmən ölkəyə sülh təklif etməsi bunu bir daha təsdiqləyir. Dünya ölkələrinin böyük bir qismi Azərbaycanla əməkdaşlıq əlaqələri qurur, səmimi dostluq münasibətləri yaradır, Azərbaycanın humanist addımlarına adekvat cavab verirlər.

Ölkə başçısı İlham Əliyev uzaqgörən xarici siyasətində türk xalqlarının birliyinə, həmrəyliyinə xüsusi önəm verir, türk dövlətlərində sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olmasına var qüvvəsi ilə çalışır, silahlı münaqişələrə, separatizm, təcavüzkar millətçilik təzahürlərinə, mövcud dövlət sərhədlərinin zor gücünə dəyişdirilməsinə, müstəqil dövlətlərin ərazi bütövlüyünün pozulmasına yol verməmək üçün səylər göstərir.

Bütün beynəlxalq və regional məsələlərə münasibətdə norma və prinsiplər çərçivəsində ayrı-ayrı dövlət və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı əlaqələrə üstünlük verən Azərbaycan Avropa İttifaqı kimi nüfuzlu qurumla siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə fəal əməkdaşlıq edir. Şərq-Qərb nəqliyyat kommunikasiya dəhlizinin yaradılması, iqtisadi və siyasi islahatların aparılması, infrastrukturun inkişaf etridilməsi sahəsində Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirir. Avropa İttifaqı və ona üzv ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirən Azərbaycanın ticarət əlaqələrinin təxminən böyük bir faizini Avropa İttifaqı ilə qurması, Aİ-yə üzv dövlətlərdən 1700-dən çox şirkətin ölkəmizdə fəaliyyət göstərməsi üzv dövlətlərlə əlaqələrin yüksək səviyyədə olmasının və iqtisadi fəaliyyətin nümunəsidir. Bu baxımdan, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı özünə strateji tərəfdaş hesab edir ki, bu da müstəqil Azərbaycan dövlətinin nailiyyəti və eyni zamanda gələcək strateji əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələdir.

Prezident İlham Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Artıq Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirmiş, ölkə başçısının ardıcıl, çoxillik və ən başlıcası isə hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində regional liderliyini təmin etmişdir. Milli maraqların qorunması, milli qürur, milli və dini tolerantlıq kimi təməl prinsipləri əsasında müstəqil siyasət yürüdən ölkəmiz bu gün dünya ölkələri ilə əməkdaşlığı gündən-günə genişləndirir, üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edərək mövqelərini get-gedə daha da dərinləşdirir. Müstəqil Azərbaycanın sülhə və təhlükəsizliyə, mədəniyyətlərarası, dinlərarası dialoqa, inteqrasiyaya, terrorçuluqla, yoxsulluqla mübarizəyə, sağlam təməllər üzərində qurulmuş uğurlu əməkdaşlığa yönəlmiş düşünülmüş siyasətinə tərəfdaş ölkələr adekvat cavab verirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".