Uğurlar və qarşıda duran vəzifələr
Digər xəbərlər

Uğurlar və qarşıda duran vəzifələr

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayı keçirilib

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi (AzGƏC) 1931-ci ildən fəaliyyət göstərir və ətrafında 10 minə yaxın görmə məhdudiyyətli insanı birləşdirir. Cəmiyyət gözdən əlillərin ictimai həyata inteqrasiyasını, onların peşə reabilitasiyasının yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə nail olmaq üçün müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edir. "Sahil" oteldə keçirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında cəmiyyətin üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdi. Qurultayda Cəmiyyətin 5 illik hesabat dövrünü əhatə edən ümumi fəaliyyətinin və gələn beş ilə olan tədbirlər planlarının ümumi müzakirəsi aparıldı.

Qurultayda çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmiyar Abdullayev yığıncaq iştirakçılarını AzGƏC-in 2017-2022-ci illəri əhatə edən ümumi fəaliyyəti və maliyyə hesabatı ilə tanış etdi.

Çıxışında AzGƏC-in prezidenti onu da qeyd etdi ki, aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmalar onu göstərdi ki, AzGƏC respublikada fəaliyyət göstərən ən mötəbər, hüquqi, şəffaf, konstitusion ədalət və humanizm prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən təşkilatlardan biridir. 

O, həmçinin Cəmiyyətin bu illər ərzində gözdən əlil vətəndaşların ən aktual, mənzil probleminin həlli istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan danışıqlar nəticəsində ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ilə 500-dən çox gözdən əlil ailənin mənzil ilə təmin edildiyini və növbəti beşillik fəaliyyət dövründə gözdən əlil ailənin mənzil ehtiyacını qarşılayacaq layihələrin icrasına start verdiyini bildirdi. AzGƏC Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir və Dövlət Proqramına daxil ediləcək reabilitasiya vasitələri olan köməkçi qurğuların siyahısına mobil telefonun, Brayl yazı dəstinin, əl ağaclarının salınmasına dair təkliflərin daxil edilməsinə öz töhfəsini vermişdir. AzGƏC ADA Universiteti ilə sıx əməkdaşlıq qurmuş, Beynəlxalq Əlillər Günü münasibətilə  Akademiyada konfransın təşkilatçısı olmuş, daha sonra isə tədbir Dədə Qorqud Parkında tamamilə görmə qabiliyyəti olmayan gənclərin "Güvənil gəzinti"  yürüşündə "Göz işığını sev" şüarı altında akademiyanın əcnəbi və yerli tələbələrin müşayiəti ilə davam etdirilmişdir.

Rabitə Nazirliyi ilə birgə müharibənin acı fəsadlarını özündə əks etdirən  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlıq illərində çəkildiyi "Danışan məktub" filminin tifloşərhi hazırlanmışdır.  Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində "İnklüziv incəsənət" layihəsi icra edilmişdir.

AzGƏC-in daxili imkanları hesabına Birinci və İkinci Vətən müharibəsi və erməni terrorunun nəticəsində görmə qabiliyyətini itirmiş şəxslərin statistikası müəyyən edilmiş və bu şəxslərin sayının 150 nəfərə yaxın olduğu müəyyən edilmişdi. AzGƏC tərəfindən "Gözümün nuru Vətən" adlı sənədli film çəkilmiş və bu çəkilişlər cəmiyyətin daxili imkanları hesabına davam etdirilir. Cəmiyyət tərəfindən görmə qabiliyyətini itirmiş qazilərin cəmiyyətə inteqrasiya olunmalarına və bu məqsədlə tibbi və sosial reabilitasiya kurslarına cəlb olunmalarına dəstək göstərilmiş,  qazilərin evlərinə səfərlər edilmiş, təhsil və məşğulluq problemlərinin həllinə dəstək göstərilmişdir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əməkdaşlıq edərək 100 nəfər görmə üzrə əlilliyi olan şəxsin gözləri müayinə edilmiş və eynəklər verilmişdir. Cari ildə GİMİEP.az adlı gözdən əlil insanların milli internet portalı fəaliyyətə başlamış, burada gözdən əlil insanlar üçün bütün lazımi informasiyalar və görülən işlər və layihələr barədə xəbərlər yerləşdirilərək elektron və audio, eləcə də surdo və tiflo filmlərdən ibarət video onlayn kitabxanalar fəaliyyət göstərir.  Leyla Əliyeva Sosial Xidmətlər Agentliyi tabeliyində Görmə İmkanları Məhdud Şəxslər üçün Reabilitasiya Mərkəzində olmuş və gözdən əlil uşaqlarla görüş keçirmişdir. Görüşdə gözdən əlil uşaqlara hədiyyələr verilmişdir.

S.Abdullayev çıxışının sonunda Cəmiyyətin inkişafında xüsusi rolu olan bütün nazirliklərə və aidiyyəti dövlət qurumlarına göstərdikləri xüsusi qayğı və ehtirama görə öz təşəkkürünü bildirdi. S.Abdullayev möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da gözdən əlil vətəndaşların sosial-iqtisadi rifahı naminə göstərdikləri xüsusi diqqətə görə öz dərin minnətdarlığını bildirdi.

Qurultay AzGƏC-in növbəti beşillik rəhbərliyinin seçilməsi ilə davam etdi və işini qurultayın qərarının açıqlanması ilə bitirdi. Səmiyar Abdullayev AzGƏC-in növbəti beşillik dövrü üçün sədr vəzifəsinə seçildi.

Mustafa KAMAL,

"Respublika".