Uğur qazanmaq üçün əlillik əngəl deyil...
Sosial həyat

Uğur qazanmaq üçün əlillik əngəl deyil...

3 DEKABR BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜDÜR

Rahat, firavan, sağlam yaşamağı kim istəməz ki?.. Bəzən insan öz sağlamlığının qeydinə qalmır, müəyyən xəstəliklər səbəbindən o, cəmiyyətdən təcrid olunur. Bəzən bədbəxt hadisələr də sağlamlığımızı əlimizdən alır. Əlbəttə, qüsurlu doğulanlar da olur. Bilmirəm nədənsə, bu taleyi yaşayan insanlara bir ad verilib: əlillər. İndi zaman keçdikcə, münasibətlər dəyişdikcə "əlil" sözünün də mahiyyəti başqalaşıb. Çünki artıq cəmiyyət onları necə varsa, eləcə də qəbul edir, fiziki cəhətdən qüsurlu insanların etdikləri möcüzələr isə hər kəsi heyran qoyur.

3 dekabr. Uzun illərdir ki, bu tarix Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. İnsanın hansısa bədən üzvünün fəaliyyətdən qalması əlillik deyil. Fiziki qüsurları olan belə insanlar bəzən həyatda öz yerlərini tapmaqda, konkret sənətə yiyələnməkdə, yaxud istedad və bacarıqlarını ifadə etməkdə çətinlik çəkirlər, amma onların arasında möhkəm iradə nümayiş etdirib daxili potensialını üzə çıxarmağa, nəyə qadir olduğunu sübut etməyə çalışanlar da az deyil. Bugünkü yazımızda bax, onlardan söhbət açacayıq. Özünü sağlam sayan insanları düşündürən, bəzən də təəccübləndirən, heyrətə gətirən istedad sahiblərindən...

Onu televiziya ekranlarından çoxları tanıyır. Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu Zaur Rüstəmovu. Gözdən əlil olsa da, ilahi vergi olan istedadına, qabiliyyətinə güvənən Zaur müəllim əsl sənətkar ömrü yaşayır, yaradır, bacarığını nümayiş etdirir. O, eyni zamanda Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin nəzdindəki görmə qüsurlu uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin də müəllimidir. Məktəbin bütün tədbirlərində fəal iştirak edən Zaur müəllim balaca istedadları pianoda müşayiət etməkdən həm də böyük zövq alır.

Görmə qabiliyyətindən məhrum məşhurlar arasında yunan şairi Homer, alman filosofu Yevgeni Dürinq, yazıçı Luis Borxes Horku, məşhur öncəgörücü Vanqa da var. 17 "Qremmi" mükafatına layiq görülmüş musiqiçi Reya Çarlz, Amerika aktyoru, müğənni və şoumen Frenk Sinatra, məşhur musiqiçi Stiv Vander də onların arasındadır.

İdman aləmində indi balaca bir ulduz parlayır. Qolf dünyasının ən kiçik nümayəndəsi Tommi Morrisey. Əlil olmasına baxmayaraq, o, qolf üzrə yarışlarda yaxından iştirak edir, tanınmış rəqiblərilə qüvvəsini sınayır. Onun dünyanın ən güclü qolfçularından biri olan Tayqer Vudsla görüşü o zaman məşhur idman saytlarının manşetinə çevrilmişdi.

Öz üzərində çalışan fiziki qüsurlu şəxslər daim uğurlara doğru irəliləyərək əlilliyin əngəl olmadığını təsdiqləyirlər. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında idmançılarımızın uğurları bunun bariz nümunəsidir. İdmançılarımız bu yarışlarda 14-ü qızıl olmaqla 19 medal qazanaraq ölkəmizin ilk onluqda yer almasını təmin etmişdilər. Onu da deyək ki, paralimpiyaçılarımız öz nailiyyətləri ilə dünya idmanına töhfələrini verməkdə davam edirlər. Belə ki, paralimpiadanın üç dəfə qızıl medalını qazanan Roman Saleh Azərbaycanın idman tarixinə adını yazdıra bilib. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan Paralimpiya Oyunlarında qadın güllə atıcısı Yelena Taranova gümüş medala sahib oldu. Bu, Azərbaycanın paralimpiadalarda qazandığı ilk medal idi. 2004-cü il Afina Paralimpiadasında isə Azərbaycan idmançıları qızıl medallar qazandılar. Yüngül atlet Oleq Panyutin, cüdoçu İlham Zəkiyev turnirin qalibi oldular. Dörd il sonra cüdoçu İlham Zəkiyev 2-ci dəfə Paralimpiya Oyunlarının qalibi oldu və bu uğura imza atan birinci idmançı kimi tanındı. Onun bu uğurunu 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) keçirilən Paralimpiadada yüngül atlet Oleq Panyutin yenilədi. Turnirdə bir qızıl və bir bürünc medala sahib olmaqla Oleq Panyutin paralimpiadalarda qazandığı medalların sayını dördə (2 qızıl və 2 bürünc) qaldırdı. 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında heç bir idmançı onun bu nailiyyətini yeniliyə bilmədi.

Oluxan Musayev 1979-cu ildə Balakən rayonunun Katex kəndində anadan olub. 2000 və 2003-cü illərdə sağlam idmançılar arasında keçirilmiş armrestlinq üzrə ölkə çempionatının qalibi olub. 2008-ci ilin sentyabrında Pekində keçirilən Paralimpiya Oyunlarında Oluxan nüvəitələmə üzrə 13,49 metr nəticə göstərərək olimpiya çempionu adını qazanıb. 2009-cu ildə isə Hindistanın Bnqalor şəhərində keçirilən paralimpiyaçı atletlərin dünya çempionatında qızıl medala layiq görülüb. O, həmçinin nüvəitələmə üzrə dünya və paralimpiya rekordçusudur.

"Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. O, həmçinin paralimpiada rekordunu da qırıb. 18 yaşlı idmançı ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşüb. Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.

Oktay Həsənzadə. Kiçik yaşlarında sağlamlığını itirən, 1-ci qrup əlillik dərəcəsi alan Oktay illərdir əlil arabasına məhkum olub. O, Daşkəsən şəhərində dünyaya göz açıb. 2010-cu ildə orta məktəbi bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Könlümlə söhbət" adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. "Duyğular dinsin", "Gecikmiş etiraf", "Bir həyat romanı", "Sevgi bəstəsi" və s. kitabların müəllifidir, şeirlərinə mahnılar bəstələnib. Hazırda "Qarabağ Azərbaycandır!" layihəsi üzərində işləyir. Layihənin 44 nəfər iştirakçısı var. Xüsusi Təyinatlı Qüvvələrin aprel şəhidi Emin Bağırovun həyatı haqqında "Mən şəhid olacam, ana" kitabı da işıq üzü görüb.

Bax, belə. Əlbəttə, bu kateqoriyadan olan insanlardan, onların uğurlarından çox danışmaq olar. Dünyanın elə bir nöqtəsi yoxdur ki, orada sağlamlığında problem olan, ancaq istedadı, bacarığı ilə tanınan, cəmiyyətə fayda verən insanlar olmasın. Taleyinə əlillik yazılan dünya ulduzları da istənilən qədərdir. Məsələn, nəzəri fizikanın əsasını qoyan, Oksford Universitetində oxuyan, 21 yaşında ikən iflic olan Stiven Hokinq, danışığında qüsur olan, sonralar 50-dən çox filmə çəkilən Silvestr Stallone, yeganə kor aktrisa, "Oskar"a layiq görülmüş Marli Metlin və b. Onlar məhz öz iradələri sayəsində qazanmışdılar bu uğurları.

Əlilliyi olan insanların hər birinin arxasında bir tale, bir həyat hekayəsi, göz yaşları, ilham və hansısa bir qüvvə var. Sadəcə, o qüvvəni hərəkətə gətirmək lazımdır. Bu işdə təbii ki, cəmiyyətin də hərtərəfli dəstəyi önəmlidir. Belə insanlar çox vaxt özünə qapanır, cəmiyyət arasında görünməməyə, yaxud az görünməyə çalışırlar. Onları bu qaranlıq dünyadan çəkib çıxarmağa vəsilə olmaq isə həm də savabdır.

Z.ABDULLAYEVA,

"Respublika".