Uğrunda döyüşən oğulların var, Vətən!
Sosial həyat

Uğrunda döyüşən oğulların var, Vətən!

Rəşadətli və qalib Azərbaycan ordusu! Dünyanın 50 ən güclü ordularından biri də odlar yurdunun qürur duyduğumuz şanlı silahlı qüvvələridir. Bu müzəffər ordu Qalib Ali Baş Komandan İlham Əliyevin ordusudur. Qəhrəman ordu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların ordusuna sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində qazandığımız şanlı qələbədən səkkiz aydan artıq vaxt keçməsinə baxmayaraq, sevinc hissləri hələ də çöhrələrdən silinməyib.

Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytarıb, düşmən tapdağı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı olub. Ermənistan ordusunu darmadağın edən ordumuz 8 noyabrda  tarixi qələbə qazanıb.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ağdamda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsindəki mərkəzi meydanda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzərək, onun əziz xatirəsini yad ediblər. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının  əməkdaşları, şəhid ailələri, qazilər və bir qrup hərbçi iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən ətraflı söz açıb. Son 15 il ərzində Azərbaycanda güclü ordu qurulduğunu qeyd edən icra başçısı 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbədən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş şəhidlərin medalları onların  ailə üzvlərinə və yaxınlarına təqdim olunub. Şəhid ailələri öz çıxışlarında şəhidlərimizə və onların valideynlərinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə  dərin minnətdarlıq bildiriblər. Qeyd ediblər ki, şəhidlərimizin övladları şəhid olsa da, bununla qürur duyurlar. Çünki vətənimizin 30 il işğalda qalan hissəsi onların qanları-canları bahasına düşmən tapdağından azad edilib. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə fərqlənmiş bir qrup şəxsə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunub.

                                                                Salman ALIOĞLU,

                                                                   “Respublika”.