Uçuşların təhlükəsizliyinin təmin olunması AZAL-ın fəaliyyətinin əsas istiqamətidir
Digər xəbərlər

Uçuşların təhlükəsizliyinin təmin olunması AZAL-ın fəaliyyətinin əsas istiqamətidir

Martın 1-də Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib. İclasda AZAL prezidenti Cahangir Əsgərov çıxış edərək yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə uçuş heyətinə minnətdarlığını bildirib və Azərbaycan mülki aviasiyasının uğurlu inkişafının Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olduğunu qeyd edib.

C.Əsgərov uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviadaşıyıcısının ən vacib prioriteti olduğunu vurğulayıb. Bildirilib ki,  IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələblərə uyğunluğunu bir daha təsdiq edir. Uçuşların təhlükəsizliyi və aviadaşımaların səmərəliliyi məsələlərinə xüsusi diqqət yetirən AZAL uçuşların təhlükəsizliyinin səviyyəsinin, sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir.

"Təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması və sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi AZAL-ın işgüzar kollektivinin əməyidir. Bu, texniki əməkdaşlardan tutmuş yerüstü və təyyarə göyərtəsində çalışan personala qədər - hər bir aviatorumuzun uğurudur", - deyə Cahangir Əsgərov bildirib.

AZAL prezidenti qeyd edib ki, rəhbərlik uçuş heyəti ilə mütəmadi olaraq problemlərin birgə həllinə və mühüm əhəmiyyət kəsb edən işlərin həyata keçirilməsinə yönəlmiş konstruktiv dialoq aparır.

"Azərbaycan Hava Yolları" QSC-nin  Mətbuat xidməti.