Üçtərəfli Bəyanatda regionda davamlı sülh üçün razılaşdırılmış parametrlər müəyyən edilib
Siyasət

Üçtərəfli Bəyanatda regionda davamlı sülh üçün razılaşdırılmış parametrlər müəyyən edilib

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında qurumun Minsk qrupunun həmsədrləri hesabatla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli iclasda bəyanatla çıxış edib. Onun bəyanatında vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası tərəfindən Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanıb və həmin sənəddə regionda davamlı sülh üçün razılaşdırılmış parametrlər müəyyən olunub. Daimi nümayəndə vurğulayıb ki, ATƏT-in, o cümlədən həmsədrlərin, ATƏT sədrinin daimi nümayəndəsi və digər təmsilçilərin mövzu ilə bağlı aktuallığı qorumaq və faydalı rol oynaya bilmələri üçün regionda yeni reallıqlardan xəbərdar olmaları vacibdir. Səfir həmsədrlərin bəyanatlarında nəzərə alınmalı olan yeni reallıqları etiraf etmələrini alqışlayıb.

Daha sonra vurğulanıb ki, Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyətinə baxmayaraq, münaqişədən sonra yaranmış reallıqlar sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpası, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırılması üçün nadir imkan yaradır. Bununla əlaqədar R.Sadıqbəyli qəti inamını ifadə edib ki, münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səyləri regionda etimad və sabitlik yaratmaq məqsədilə üçtərəfli Bəyanatın tam icrasına dəstək və sülhün möhkəmləndirilməsi üçün tərəflərlə praktiki əlaqəyə yönəldilməlidir.

Azərbaycanın daimi nümayəndəsi, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında, o cümlədən sülh müqaviləsi imzalamaq yolu ilə barışığa və normallaşmaya hazır olduğunu dəfələrlə bəyan edib. Daha sonra əlavə edilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Nyu-York, Minsk və Parisdə apardıqları fikir mübadiləsi Azərbaycanın bu məqsədə hazır olduğunu nümayiş etdirib.

Otuz ilə yaxın davam edən uğursuz danışıqlardan sonra ilk dəfə sülhün əlçatan olması və möhkəmləndirilməsi üçün nadir imkanın yarandığını vurğulayan R.Sadıqbəyli münaqişədən sonrakı dövrdə Azərbaycan hökumətinin onilliklər boyu davam edən işğalın nəticələrinin və kütləvi dağıntıların aradan qaldırılması istiqamətində atdığı addımlar barədə məlumat verib. O, həmçinin beynəlxalq humanitar təşkilatların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə çıxışı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib və bildirib ki, bu ərazilərdə bütün beynəlxalq təşkilatların fəaliyyəti müstəsna olaraq Azərbaycanın razılığı, onun suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həyata keçirilməlidir.

Səfir R.Sadıqbəyli son günlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhəd istiqamətində hücumları kimi silsilə təxribatlar barədə Daimi Şuraya məlumat verib. O, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın istənilən təxribatının dəf edilməsi üçün müvafiq qətiyyətli tədbirlər görəcəyini və regionda vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb. Səfir, həmçinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsində Azərbaycanın mövqeyini ifadə edib və deyib ki, Azərbaycan bundan əvvəl də Ermənistana dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamağı təklif edib və bu istiqamətdə dövlətlərarası komissiyanın yaradılması təklifini dəstəkləyib.

Daimi nümayəndə daha sonra vurğulayıb ki, Ermənistanın son təxribatları üçtərəfli Bəyanatın təcili surətdə tam şəkildə həyata keçirilməsinin zərurətindən xəbər verir. Buraya xüsusilə Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilməsi ilə paralel Ermənistanın silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmasını tələb edən Bəyanatın 4-cü maddəsinə əməl olunması, regionda davamlı sülh və əməkdaşlığa xidmət edə biləcək bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi şəkildə yerləşdirilmiş minaların zərərsizləşdirilməsi və 1990-cı illərin əvvəllərində baş vermiş silahlı münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının yerinin müəyyən edilməsi daxildir.

Münaqişədən sonrakı dövrdə Ermənistanda hökm sürən revanşist münasibəti qidalandıran, bu ölkədə sülhün möhkəmləndirilməsi və qonşuları ilə münasibətlərin normallaşdırılması alternativinə inandıran yanlış siqnalların Ermənistana göndərilməsinə son qoyulmasının mütləq vacibliyi vurğulanıb. Daha sonra qeyd olunub ki, Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaqdan ötrü bu ölkə və geniş anlamda region üçün böyük imkanlar açan tarixi fürsətdən istifadə etməlidir.

AZƏRTAC