Üçrəngli bayrağımız Zəfərimizin rəmzidir
Siyasət

Üçrəngli bayrağımız Zəfərimizin rəmzidir

Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı, növbəti təxribat törətdi və "dəmir yumruq" yenidən işə düşdü.

"Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldan zaman söyləyib.

Hər zaman regionda dayanıqlı sülhün təmin olunması üçün ölkəmiz davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. İki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir. Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmış danışıqlarda və ikitərəfli müzakirələrdə üzərinə götürdüyü öhdəlikləri, əldə olunmuş razılaşmaları yerinə yetirməkdən imtina etmək üçün Azərbaycanla dövlət sərhədində 12-13 sentyabrda hərbi təxribata əl atdı. Ölkəmiz növbəti dəfə təxribata cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Faktiki olaraq, bu insident belə deməyə əsas verir ki, Ermənistan rəhbərliyi Azərbaycanın sülh gündəliyinə müharibə ilə cavab verməyi qərara almışdı. Ermənistanın bu cür eskalasiyalara əvvəlcədən hazırlıq görməsi ilə bağlı Azərbaycanın kifayət qədər tutarlı sübutları var. Bununla göstərməyə çalışırlar ki, hazırda sülh müqaviləsi üçün münbit şərait yoxdur.

Ölkəmiz bir daha hərbi üstünlüyünü, xalqımız isə birliyini, ordumuz döyüş əzmini və fədakarlığını nümayiş etdirdi. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu Azərbaycanın təhlükəsizliyinə təhdid yarada biləcək hərbi təyinatlı obyektlər darmadağın edildi. Onları bərpa etmək üçün bədnam qonşumuza ən azı 4-5 il vaxt lazımdır. Müzəffər Ordumuz həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. 7 saat davam edən döyüşlərdə Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanla son bir ildə aparılan danışıqların təcrübəsi göstərir ki, İrəvanı sülh gündəliyinə sadiq qalmağa məcbur etmək üçün məhz hərbi güc tətbiq olunmalıdır.

Ermənistan tərəfindən törədilən təxribatlar davamlı xarakter daşıyır. 30 ilə yaxın müddətdə davam edən danışıqlar prosesi və eləcə də 1994-cü ildə imzalanan atəşkəsdən sonra işğalçı dövlət zaman-zaman müxtəlif təxribatlara, hərbi avantüralara əl atırdı. Ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı. Bununla da, "qüdrətli", "yenilməz" Ermənistan ordusunun mifi darmadağın oldu.

Növbəti təxribat hadisələrini 2020-ci ildə baş vermiş Tovuz döyüşləri ilə müqayisə etmək olar. Tovuz əməliyyatı da Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti, hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Tovuz döyüşlərində ordumuzun əsgər və zabitləri qəhrəmanlıq, igidlik nümunələri göstərərək erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir. Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi.

2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Vətən uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı, düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan şanlı Ordumuz tərəfindən qisasları alındı. 44 günlük Vətən müharibəsində, eləcə də sentyabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik, şücaət, hünər nümayiş etdirən qəhrəman oğullarımız adlarını xalqımızın qəlbinə əbədi yazdılar. Bu gün xalqımız igid övladları ilə fəxr edir, qürur duyur. İllər ötsə də, bizlərə 44 günlük haqq savaşında fəxarət dolu anlar bəxş edən oğullarımız, düşmən təxribatının qarşısını alan qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyev Laçında ermənilərin son genişmiqyaslı təxribatlarına münasibət bildirərkən demişdir: "Sentyabrın 13-də biz yenə də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadətə yüksəliblər. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik".

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətənimizin bütövlüyü uğrunda savaşda minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhunu ehtiramla anır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirələrini dərin hörmət və ehtiramla anırıq.

Mustafa KAMAL,

"Respublika".