Tvinninq layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib
Digər xəbərlər

Tvinninq layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib

Sentyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib.

Medianın İnkişaf Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Tvinninq layihəsinin “İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən avstriyalı ekspertlər Tomas Heinlen və Manuela Harqazner-Delpos, rezident tvinninq əlaqələndiricisi Laurinas Totoraitis, eləcə də Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyəti barədə məlumat verib. Mediada məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlərin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.

Laurinas Totoraitis isə media nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində MEDİA Agentliyinin rolunu xüsusi qeyd edib.

Görüşdə bildirilib ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi, Dövlət Komitəsinin müvafiq əməkdaşları və media nümayəndələrinin iştirakı ilə hazırlanacaq.

Qeyd edək ki, layihənin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.

AZƏRTAC