TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən fövqəladə iclası başa çatıb
Türk dünyası

TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən fövqəladə iclası başa çatıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində martın 31-də keçirilən fövqəladə iclası başa çatıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan heyətinə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər daxil olub.

İclasda təşkilatın ötən dövrdəki fəaliyyətinə dair hesabatı dəyərləndirilib, təşkilati və cari məsələlər müzakirə edilib.

Yekdil qərarla Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, Qırğız Respublikasının namizədi Sultanbai Raev TÜRKSOY-un yeni Baş katibi seçilib. İclasın yekun sənədi imzalanıb.

Sonra Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq Baş katibi Düsen Kaseinov, TÜRKSOY-un yeni Baş katibi Sultanbai Raev, Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu iclasın yekun sənədini imzalayıb birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC