TÜRKMƏNİSTAN
Digər xəbərlər

TÜRKMƏNİSTAN

Adından da göründüyü kimi, Türkmənistan qədim Oğuz türklərinin vətənidir. Türk Oğuz boyundan olan türkmənlər XIII əsrdə Səlcuq dövlətinin tərkibində, XVI əsrdə isə özbəklərlə birlikdə Xivə və Buxara xanlıqlarının tabeliyində yaşamışlar. Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşən bu ölkə şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və cənub qərbdə İranla həmsərhəddir. Azərbaycan, Rusiya, Qazaxıstan və İranla isə ölkəni Xəzər dənizi birləşdirir. Subtropik iqlimə malik olan ölkənin ümumi sahəsi 488,1 min kvadratkilometrdir. Yeraltı suları, münbit torpağı, tuqay meşələri, zəngin bitki örtüyü yaşıl çöllərə xüsusi gözəllik verir.

1991-ci il oktyabrın 27-də müstəqillik qazanan xalq bu gün dünyada mühüm və strateji rola malikdir. Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq enerji resursları ilə təchizatı ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm aspektlərindən biri olmuşdur. Böyük qaz potensialına malik olduğuna görə dünyada 4-cü yerdə qərarlaşan Türkmənistan ildə 80 milyard kubmetrdən çox qaz, 6 milyon tondan çox neft istehsal edir. Kifayət qədər yerli xammal istehsal olunan ölkədə, həmçinin kükürd, kalium duzları, yod əsasında bir neçə zavodlar fəaliyyət göstərir. Böyük karbohidrogen yataqlarına sahib olan respublikada təbii sərvətlər milli inkişafa yönəldilmişdir. Ölkənin Kənd təsərrüfatında əsas yeri pambıqçılıq, atçılıq və maldarlıq tutur. Qoyunçuluqda üstünlük təşkil edən qaragül növünün yunundan məşhur türkmən xalçaları toxunur.

Köçəri həyat tərzi sürən türkmən xalqının bir çox adət-ənənələləri bu günə qədər gəlib çatmışdır. Türkmən xalqının milli dəyərləri, dili, ədəbiyyatı, tarixi, folkloru, dini inancları onun həyat tərzində də əks olunmuşdur. Belə ki, Orta Asiya mədəniyyətinin ən özünəməxsus nümunələrini yaradanlardan biri türkmənlərdir. Türkmən xalça sənəti Mərkəzi Asiyanın ənənəvi sənət növlərindən biridir. Əllə toxunan bu xalçaların mürəkkəb və məzmunlu motivləri Yomut, Ersari, Sarik, Salor və Təkkə kimi türkmən tayfalarının həyatından götürülüb. Bu gün Türkmənistan mədəniyyətində xalçaçılıq ənənələri qorunub saxlanılır və nəsildən-nəslə ötürülür.

Valideynə böyük hörmət və ehtiramla yanaşan türkmənlərdə ailə müqəddəs hesab edilir. Qədim türkmənə məxsus: "Qızıl-gümüş dəyərli ola bilər, ancaq ana-atanın qiyməti yoxdur" atalar sözü bunu bir daha təsdiq edir.

Türkmənistanda böyük nüfuza malik və gələcək nəsillər üçün nümunə olan insanlar - ağsaqqallardır. Əgər ağsaqqal hansısa bir işin olmasını məsləhət bilmirsə bu, türkmən cəmiyyətində qanun hesab edilir və onun sözünə əməl olunur. Gənclər ağsaqqallara hörmət edir, nəzakət və qayğı göstərir, onların nəsihətlərinə, tövsiyələrinə, göstərişlərinə çox diqqətlə yanaşır və sorğu-sualsız əməl edirlər.

Minilliklər boyu yaradılmış zəngin mədəni irsə sahib olan türkmən xalqının əsas mədəni xüsusiyyətləri Oğuz türklərinin adət-ənənələrini yaşatmasıdır. Oğuz adətləri türkmənlərin ədəbiyyatında, musiqisində, folklorunda, eləcə də mətbəx mədəniyyətində öz əksini tapıb. Türkmən musiqisi və musiqi alətlərinin də özünəməxsusluğu var. "Dutar" türkmən xalq musiqisinin ən geniş yayılmış alətlərindən biridir. Bu alət muğamlardan, saltıklardan tutmuş kirklar və novai kimi müxtəlif musiqi janrlarının ifasında istifadə olunur. Qədim "kuştdepdi" ən məşhur türkmən rəqslərindəndir. Türkmən rəqsləri, bir qayda olaraq, milli alətlərin müşayiəti ilə ifa olunur.

Türkmənlər Orta Asiyada öz milli geyimləri ilə seçilirlər. Türkmən paltarı gözəl naxışlarla və tikmələrlə bəzədilir. Əsasən rəngarəng və bol kəsimli milli geyimlərin vacib elementlərindən biri də şərfdir. Şərfin bağlanma üsulu sizə qadının ailə vəziyyəti haqqında məlumat verir.

Türkmənistan mədəniyyətində zərgərlik, xüsusilə milli üslubda hazırlanan zinət əşyaları böyük önəm daşıyır. Zərgərlik məmulatlarının çoxu gümüşdən, qiymətli və yarıqiymətli daşlardan hazırlanır. Türkmən xalqı bu günə qədər daşların sehrli gücünə inandıqları üçün onlarla sırğa, kulon və bilərziklər taxırlar. Qədim dövrlərdə isə zinət əşyalarını təkcə qadınlar deyil, kişilər də taxırdılar. Türkmənlər məşhur Axaltəkə atlarını da gümüş və qiymətli daşlardan hazırlanmış əşyalarla bəzəyirlər.

Milli mətbəxinin zənginliyi, texnologiyası və məhsulların çeşidinə görə Orta Asiya xalqlarına yaxın olsa da, türkmən yeməklərin hər birinin xüsusi hazırlanma qaydası var. Ən məşhur yemək plov, mantı, doğrama, əsas qida məhsulları isə ət və çörəkdir. Xüsusi üsulla hazırlanan və konservləşdirilən ət "kakmaç" adlanır. Türkmənlər südlü, yumurtalı, yağlı "Petir çörəyi" kimi dəyişik növdə müxtəlif çörəklər də bişirirlər.

Orta Asiya xalqlarına mənsub çay adət-ənənəsi Türkmənistanda da geniş yayılıb.

Türkmən ədəbiyyatında xalq yaradıcılığı nümunələri geniş yer tutur. Xalqlar arasında ədəbi əlaqələrin inkişafında, ədəbiyyatların bir-birinə yaxınlaşmasında ədəbiyyat və incəsənət həftələrinin, poeziya bayramlarının, görkəmli yazıçı və şairlərin yubiley tədbirlərinin keçirilməsi əhəmiyyətli rol oynayır. Türkmən ədəbiyyatının klassik dövrü hesab edilən XVII-XVIII əsrlərdə divan ədəbiyyatı ilə aşıq yaradıcılığı qovuşaraq yeni mərhələyə qədəm qoymuşdur. Məhz yazılı ədəbiyyatla şifahi ədəbiyyatı yaradıcılığında sintez edən böyük şair, türk dünyasının ortaq ədəbi mirası sayılan Məhtimqulu Fəqai ən böyük türkmən şairidir. Onun yaradıcılığında ümumtürk dəyərlərinin təbliğinə geniş yer verilmişdir. Şair türkmən milli şüurunun və türkmən dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında xüsusi rol oynamışdır.

Azərbaycan-Türkmənistan dostluğunun təməllərinin qoyulmasında XVIII əsrin görkəmli söz ustası, şair və ictimai xadim Məhtimqulu Fəraqinin böyük əməyi olmuşdur. Təsadüfi deyildir ki, Məhtimqulunun "Yaylaqları var" adlı şeiri şairin əsərlərinin Moskva nəşrində "Azərbaycan" adı ilə verilmişdir. Bu şeirdə Məhtimqulu Azərbaycanın gözəl bir guşəsini yüksək səviyyədə tərənnüm etməklə bərabər, həm də bu ölkəyə doğma münasibətini də ifadə etmişdir.

Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulmuşdur. Eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan xalqlarımızın arasında dostluğun tarixi daha qədimdir. Ümumi köklərə bağlılıq Azərbaycan və Türkmənistan hökumətlərinin qarşılıqlı faydalı əməkdaşlığını daha da gücləndirmişdir. İki ölkə arasında hərtərəfli əlaqələrin yenidən qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün 23-24 dekabr 1993-cü ildə Türkmənistana səfər edən ulu öndər iki ölkə arasında əlaqələrin qədim tarixə malik olduğunu xüsusi vurğulamışdır: "Bizim xalqlarımız - türkmən xalqının, Azərbaycan xalqının zəngin çoxəsrlik tarixi, dostluğu, qardaşlığı və əməkdaşlığı var. Bu, ümumi köklərimizə, ümumi tarixi taleyimizə, ümumi tariximizə əsaslanır. Oğuz, Dədə Qorqud bizi əsrlərlə birləşdirən dərin köklərimizdir və onlar bu gün də bizdən ötrü mənəviyyat mənbəyi, əxlaq mənbəyidir. Xalqlarımızın dilinin, dininin, adət və ənənələrinin ümumiliyi də göstərir ki, biz əsrlərlə bir yerdə olmuş, birlikdə yaşamış, öz həyatımızı birlikdə qurmuş, torpaqlarımızı yadelli işğalçılardan birlikdə qorumuş, azadlıq haqqında birlikdə düşünmüş və onun uğrunda birlikdə mübarizə aparmışıq. Bunlar hamısı bizim keçmişimizdir. Biz öz keçmişimizlə - türkmən xalqının keçmişi, Azərbaycan xalqının keçmişi ilə fəxr edə bilərik. Dilimizlə, dinimizlə, təkrar edirəm, mənəviyyatımızın, əxlaqımızın mənbəyi olan hər şeylə fəxr edə bilərik".

Azərbaycan və Türkmənistan xalqları arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi təsadüfi deyil. Dövlət başçılarının fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı üçün möhkəm təməl rolunu oynayır. 2008-ci il mayın 19-da Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri, iki prezidentin təkbətək görüşü, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivlərinin müəyyən edilməsi ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir. 2017-ci ildə imzalanan "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" dövlətlər arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir. Ölkə başçısının 21-22 noyabr 2018-ci il tarixli rəsmi səfərində imzalanan müqavilə tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaratmışdır.

 İki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artmasında Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı böyük rol oynamışdır. Həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də, əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Nəqliyyat sahəsində əməkdaşlıq qonşu dövlətlər üçün də böyük perspektivlər yaratmışdır.

 İki ölkə arasında həyata keçirilən digər məsələ isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi və istifadəsində müştərək fəaliyyətdir. Belə ki, "Azerbaijan Digital Hub" proqramı çərçivəsində həyata keçirilən layihə Avropa və Asiya arasında internet-kommunikasiya əlaqələrinin (rəqəmsal İpək Yolu) optimallaşdırılmasına xidmət edir.

2021-ci il 21 yanvarda Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, Türkmənistan-Azərbaycan münasibətləri ilə yanaşı, bütün türk dünyası üçün böyük töhfə verəcək. Bu layihənin reallaşması neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsində çox önəmli addımdır.

Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət yürüdən ölkələrdir.

2022-ci il iyunun 29-30-da Aşqabadda Xəzəryanı dövlət başçılarının Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü baş tutmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələri daha da möhkəmləndirmək üçün ikitərəfli formatda fəal iş aparılacağına əminliyini ifadə etmişdir.

Ölkələrimiz arasında etibarlı dost və qardaşlıq münasibətləri bundan sonra da uğurla davam edəcək ki, bu da öz növbəsində dünyanın mədəni, iqtisadi və siyasi inkişafında Türk dünyasının rolunu daha da artıracaq.

Arzu ASİFQIZI,

"Respublika".