Türkiyəyə qardaş köməyi davam edir
Digər xəbərlər

Türkiyəyə qardaş köməyi davam edir

Türkiyədə baş verən zəlzələdən sonra faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə yardım  kampaniyalarına başlanılıb. Bir millət, iki dövlət prinsipinə uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədirlər. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirir və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Bütün Azərbaycan xalqı Türkiyəyə dəstək olmağa hazırdır. Zəlzələdən dərhal sonra dövlətimizin başçısının tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərildi. Bundan sonra baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti xilasetmə qrupları qardaş ölkəyə yola salındı. Ümumilikdə, 760 nəfər xilasetmə və tibbi personal əraziyə cəlb olunub.

Yardımların ardı-arası kəsilmir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən bir neçə təyyarə Türkiyədə zəlzələ baş verən ərazilərə tibbi ləvazimatlar, isti geyimlər və çadırlar çatdırdı. Fevral ayının əvvəlindən başlayan yardım kampaniyasına bu gün də minlərlə insan qoşulur. Hər kəs qardaş Türkiyədə zərərçəkmişlərə yardım etmək üçün toplanma məntəqələrinə gəlir. Təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr gətirir, pul şəklində ianələr edirlər. Ölkəmizin dəstəyi Türkiyə cəmiyyətində qardaş yardımı kimi qiymətləndirilir. Bu dəstək iki ölkənin qardaşlığının, dostluğunun təzahürüdür. Bununla yanaşı, Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi” tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası da keçirildi. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya zamanı RİİB könüllüləri təbii fəlakətdən zərərçəkmiş vilayətlərdə xidmət göstərirlər.  Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları 36 ton humanitar yardımı Türkiyənin faciə bölgəsində zərərçəkmiş vətəndaşlara çatdırıblar. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Qardaş Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əlverişsiz hava şəraitində dağıntıların altından çıxarılan hər can yeni ümidlər doğurur. Xilasedicilər gecə-gündüz bilmədən zamana və soyuğa qarşı mübarizə aparırlar. Eyni zamanda bu faciənin fəsadlarının aradan qaldırılması ilə bağlı istər dövlət qurumları, istər könüllü təşkilatları, istərsə də özəl təşkilatlar bütün gücləri ilə çalışırlar. Bu da gündən-günə möhkəmlənən qardaşlığın əyani göstəricisidir. Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya sübut edir ki, ölkələrimiz hər zaman bir yerdədirlər. Türkiyə tarixi boyunca bir çox fəlakətlərlə üzləşib. Lakin böyük türk xalqı hər zaman olduğu kimi, tezliklə özündə güc toplayaraq ayağa qalxacaq.

                                          Nurlan ABDALOV,

                                               “Respublika”.